Azərbaycanda kimlər vətəndaşlıq andı içəcək?

Azərbaycanda kimlər vətəndaşlıq andı içəcək?
  06 Fevral 2015    Oxunub:2440
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içirəcək:

“Mən, (soyadı, adı, atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək. And içən Azərbaycan Respublikasının vətəndaşı andolacaq.

Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü Rafael Cəbrayılov hesab edir ki, vətəndaşın and içməsi əsas mənəvi dəyərlərə hesablanıb.

“Bu qanunda Azərbaycan vətəndaşı olan bir insanın şəxsiyyət vəsiqsəi alan zaman and içməsindən söhbət getmir. Burada söhbət Azərbaycan vətəndaşlığına kiminsə kənardan qəbulundan gedir: Söhbət burada tək hüquqi baxımdan deyil, eyni zamanda mənəvi baxımdan insanda məsuliyyət hissini artıran məsələdir. Bir çox dövlət qulluqçuları and içirsə, vətəndaşın da bu cür and içməsi əsas mənəvi dəyərlərə hesablanıb. Dünya təcrübəsində bu var. Bizim qanunda məsələ incə tənzimlənib”.

Deputat qeyd edib ki, Azərbaycanda vətəndaşlıq almağın iki yolu var:
“Təbii yolla vətəndaşlığın alınması-yəni valideynləri Azərbaycan vətəndaşıdır və o zaman doğulan uşaq Azərbaycan vətəndaşı olur. Onun and içməsindən söhbət getmir. Söhbət Azərbaycan vətəndaşlığına kiminsə kənardan qəbulundan gedir. Başqa bir ölkənin vətəndaşı əgər Azərbaycan vətəndaşlığını qəbul edirsə, onun and içməsi vacib bir məsələdir. Bu mənəvi dəyərlərə hesablanmış bir məsələdir. Burada Azərbaycan vətəndaşlığına yeni qəbul olunan və bərpa olunan vətəndaşlardan söhbət gedir. Doğuşdan azərbaycanlı olan vətəndaşların şəxsiyyət vəsiqəsi alanda and içməsindən söhbət getmir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti