Azərbaycanda zorlanan qadınlar...

Azərbaycanda zorlanan qadınlar...
  17 Fevral 2015    Oxunub:23588
Türkiyədə 20 yaşlı Özgecan Aslan adlı tələbənin dəhşətli qətlindən sonra qadınlara qarşı zorakılıq məsələsi həm türk, həm də Azərbaycan mətbuatının gündəmini zəbt edib.
Bu hadisənin fonunda bütün diqqətlər qadınların üzləşdiyi zorakılıq faktlarına yönəldib. Türkiyəni ayağa qaldıran hadisəyə dünyaca məşhur insanlar reaksiya verərək cəmiyyəti qadın zorakılığına son qoymağa çağıblar. Təəssüf ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə xoşagəlməz hadisələr baş verir. Zorakılıq hadisələri Azərbaycandan da yan keçmir.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AzVision.az-a Azərbaycanda zorlanma hallarından danışıb. Hüquq müdafiəçisi deyib ki, cəmiyyət əksər hallarda günahı zorlananda görür:

“Cəmiyyətin belə reaksiyası var: qadın zorlanıbsa, bunda elə qadın günahkardır. Bu münasibəti əsaslandıran atalar sözləri, məsəllər var- “Düyə göz eləməsə, kələ sıçramaz”. Belə fikirlər ictimai şüurda var və ona görə düşünürlər ki, zorlanan qadın özü günahkardır. Yəni o imkan yaratmasa, belə hadisə də olmazdı. Hətta qadınlar bu barədə belə düşünür”.

Birlik rəhbəri deyir ki, Türkiyədəki hadisə Azərbaycan üçün də yad deyil.

“Türkiyədə Güclü Qdın Hərəkatı var. Məhz bu hərəkat “Özgəcan hadisəsi”ni ictimailəşdirdi. Kişilərin bu hərəkətinə ciddi təpki göstərildi. Lakin bizdə stereotiplər o qədər güclüdür ki, hətta zorlanmış qadın bu barədə kiməsə məlumat verməyə çəkinir. Bu cür yanaşma, qadınlara daha çox əxlaqsız damğası vurulması onları daha çox özlərinə yığır və bu kimi cinayətləri gizlətməyə vadar edir. Bəzi hallarda zorlanma ilə bağlı məlumatlar verirlər. Lakin məlumat çox gec olur. Cinayətkarın cəzalandırılması da mümkünsüz olur. Ola bilər ki, hər hansı hadisə hüquq-mühafizə orqanlarına çatır, onunla bağlı cinayət işi başlanılır. Lakin hüquq mühafizə orqanları ilə qadınlar arasında ciddi əməkdaşlıq olmadığından zorlanma halları vaxtında gündəmə gəlmir”.

M.Zeynalova hesab edir ki, Azərbaycanda qadın hərəkatı kifayət qədər güclü olmadığından bu tipli hadisələr daha çox təpkiyə məruz qalmır.

Birlik rəhbərinin sözlərinə görə, son beş ildə tək “Təmiz Dünya” İctimai Birliyinə 18 nəfər müraciət edib.

“Çox vaxt zorlanan qadınlar bunu heç kimə etiraf etmirlər, uzun illər ailə həyatı belə, qurmurlar. Hətta 20-30 il keçəndən sonra belə bir hadisənin olduğunu etiraf edirlər. Zorlanma əasən qadına qarşı ittiham səslənməsi üçün əsas olur. Türkiyədə isə qadınlar qorxmur. Hadisə ölümlə nəticələndiyinə görə, belə qəzəb yaratdı. Arada ölüm olmasaydı bəlkə o da susqunluq göstərərdi. Türkiyə cəmiyyətində də qadının zorlanması və bunun açıq şəkildə söylənməsi qəbul edilən deyil”.

Qadınlar arasında, hətta əri tərəfindən zorlananların da olduğunu deyən M.Zeynalova bu tipli hadisələrdən birinin Masallıda baş verdiyini deyir:

“Həmin rayonda ər hamilə həyat yoldaşını zorlayıb, döymüşdü. Qadının travma alması nəticəsində uşaq ölü doğulmuşdu. Lakin kişini saxlasalar da elə də ciddi cəza vermədilər”.

M.Zeynalova deyir ki, dünya praktikasından da görünür ki, qadınlar adətən tanışları tərəfindən zorlanır:

“Zorlayan şəxslər adətən tanışlar olur. Kənardan, təsadüfən zorlama halları az olur. Küçənin ortasında yoldan keçəndə kimsə-kimisə zorlamır. Çox təsadüfi hallarda belə ola bilər. Kimsə içki içəndə və s. Adətən tanışlar, qohumlar, qonşular – yəni, etibar edib evə buraxdığın adamlar bunu edir”.

“Woman Stats Project” qadın təşkilatının məlumatına görə, qadınlara təcavüz edilən ölkələr iki qrupa bölünür.

Bu ölkələrin sırasında yəni birinci qrupda hər 100 qadından 60-ı təcavüzə məruz qalır: Əfqanıstan, Hindistan, Pakistan, Səudiyə Ərəbistan, Yəmən, İraq, Suriya, İordaniya, Sudan və digər Afrika ölkələri.

Qadınlara təcavüz edilən ölkələr arasında Çin, Vyetnam, Laos, Tayvan, Cənubi Koreya, Tayland kimi ölkələr də var.

Eyni zamanda Amerika Birləşmiş Ştatları da qadınlara ən çox təcavüz edilən ölkələr arasındadır.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti