Yaqub Mahmudovdan `Bakcell`ə sərt ittiham

Yaqub Mahmudovdan `Bakcell`ə sərt ittiham
  19 Fevral 2015    Oxunub:2451
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bəyanatla çıxış edib. Tarix İnstitutundan APA-ya verilən xəbərə görə, bəyanatda şirkət tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan "Azərbaycan: səmadan baxış" adlı kitabdan narazılıq ifadə olunur.
Y. Mahmudov kitabın ölkə daxilində və dünyada yayıldığını, bir nüsxəsinin də AMEA-nın Tarix İnstitutuna təqdim olunduğunu deyib: ""Bakcell" şirkətinin dəstəyi ilə həyata keçirilmiş layihə çərçivəsində kitab "ArtGroup" İstanbul şirkəti və alban fotoqraf Alket İslami tərəfindən hazırlanıb. 102 fotoşəkilli kitabın əvvəlində oxuculara Albaniyadan cəlb edilmiş fotoqraf Alket İslami və giriş sözü ilə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer müraciət edir. Lakin kitabda, yumşaq desək, bir qeyri-dəqiqliyə yol verilib ki, bu, Azərbaycan tarixinə qarşı təxribat səviyyəsindədir. “Azərbaycan: səmadan baxış" adlı kitabla tanışlıq məndə dərin təəssüf hissinə səbəb olub, çünki "Bakcell" şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin ən nüfuzlu biznes strukturlarından biridir. Mən şübhə etmirəm ki, şirkət ölkəmizdə yaxşı qazanır. Əvvəlcə kitabı vərəqləyərkən sevindim ki, şirkət bu şəkildə Azərbaycanı təbliğ edir. Həqiqətən də, "Bakcell"in baş direktoru Riçard Şirer öz giriş sözündə bildirib ki, bu kitab oxuculara Azərbaycanı yenidən kəşf etmək imkanı verir. Ən ciddi təəccüb doğuran odur ki, Azərbaycanda fəaliyyət göstərən bu şirkət ölkəmizin bir tarixi abidəsini Gürcüstan abidəsi kimi təqdim edib. Söhbət kitabın iki yerində "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədindən gedir. Hesab edirəm ki, bu, Azərbaycan tarixinə, bizim abidələrimizə, ölkənin ərazisinə qarşı düşünülmüş bir təxribatdır. Düşünürəm ki, bu təxribat iki strateji müttəfiq - Azərbaycanla Gürcüstan arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq üçün nəzərdə tutulub. Gürcüstanla sərhəddən kifayət qədər uzaqda yerləşən bu məşhur alban məbədinə belə bir münasibəti başqa nə ilə izah etmək olar? "Bakcell" şirkətinin Azərbaycanı bu cür yenidən kəşf etməsi Azərbaycan xalqına, dövlətimizə, dövlətçiliyimizə, Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı böyük bir təxribatdır. Belə şey yolverilməzdir, çünki bu şirkət vətəndaşlarımızın hesabına yaxşı qazanc əldə edir və bu vəsaitin bir qismi Azərbaycan xalqına, bizim milli oyanışımıza, dirçəlişimizə, humanitar problemlərin həllinə sərf olunmalıdır, bizim əleyhimizə yönəlməli deyil”.

Məsələyə münasibət bildirən "Bakcell" şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova APA-ya açıqlamasında bildirib ki, bəyanatın əvvəlində göstərildiyi kimi bu, "ArtGroup" İstanbul şirkəti ilə birgə həyata keçirilən layihədir. Onun sözlərinə görə, "Bakcell" bu layihənin yalnız sifarişçisi olub və layihə çərçivəsində şəkillərin çəkilməsi, kitabın nəşri və digər işlər həmin şirkət tərəfindən həyata keçirilib: “Bu məsələ ilə bağlı şirkətə müraciət etdik və onlar bizə prosesin necə baş verdiyini izah etdilər. Məsələ ondadır ki, bu abidələrin çəkilişi səmadan helikopter vasitəsilə həyata keçirilib. Şəkillər çəkilən zaman koordinatlar müəyyən edilib. Sonra həmin koordinatlar "GoogleMap"da şəkillərin özü ilə birgə yüklənib və "GoogleMap"ın göstərdiyi adlara uyğun seçilib. Biz təəssüf edirik ki, belə bir yanlışlıq baş verib. 100-dən çox şəkildən birində belə bir anlaşılmazlıq yaranıb. Bunun da səbəblərini tərəfdaş şirkət olan "ArtGroup" İstanbul şirkəti belə izah edib. Biz Tarix İnstitutuna təşəkkür edirik ki, məsələni görüb və bizə bildiriblər. Bundan sonra şəkillər harada nəşr olunarsa və ya elektron formada yayılarsa, dəyişiklik nəzərə alınacaq”.

S. Cəfərova qeyd edib ki, "Bakcell" şirkəti hər zaman Azərbaycan tarixinə, mədəniyyətinə hörmətlə yanaşır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox layihənin həyata keçirildiyini deyən şirkət təmsilçisinin sözlərinə görə, hansısa təxribatdan söhbət gedə bilməz: “Bu səhv sırf texniki səbəbdən baş verib, onlar şəkilləri "GoogleMap"da yükləyəndə belə bir nəticə alıblar. Bir daha qeyd edirik ki, bundan sonra şəkil haradasa nəşr olunarsa və yaxud elektron formada istifadə edilərsə, bu məsələ nəzərə alınacaq”.


Teqlər:  



Xəbər lenti