“Əli Kərimli istefa verməlidir...” – Sərt ittihamlar

“Əli Kərimli istefa verməlidir...” – Sərt ittihamlar
  20 Fevral 2015    Oxunub:2464
“Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Çünki, sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma, daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş”.
AzVision.az xəbər verir ki, bu fikirləri AXCP-dən istefa verən Razi Nurullayev bildirib.
O, partiyadan çıxmasının səbəblərini açıqlayıb və Əli Kərimlini kəskin ittiham edib:

“Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacam. Amma, siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm. Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən AXCP sədri hörmətli Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizə demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir”.

R.Nurullayev 7 bənddə istefasının səbəbləri ilə bağlı ətraflı olaraq fikirlərini yazıb. Belə ki, o, ilk səbəblərdən biri kimi sədr Əli Kərimlinin partiyadaxili avtoritarizm yaratdığı, heç bir demokratiyanın olmadığını, onun müavinləri, funksionerləri özünün təbliğatına cəlb etməsini, Əli Kərimlinin öz ətrafındakılara potensial rəqibi kimi baxması və digər səbəbləri göstərib.

R.Nurullayev yaydığı bəyanatda Əli Kərimlini də sədrlikdən istefa verməyə çağırıb: “Mən partiyadan istefa verirəm. Sizi də sədrlikdən istefaya çağırıram. Bu gün cibində 20 qəpik marşrut pulu olmayan çəbhəçinin istismarına qarşıyam. O cəbhəçi ki, həyatının ən gözəl bahar çağlarını hörmətli Əli Kərimlinin nəticə verməyən siyasətinə qurban verib. Hörmətli Əli bəyin mübarizəsinin şəxsi hisslər üzərində qurulduğunun inancındayam. İllərlə eyni pencək geyinən, eyni çəkmə geyinən, brend mağazadan paltar ala bilməyən, “tolkuçka”larda ən ucuz pal-paltar gəzən fədakar cəbhəçi ürəyimi parçalayır. Biz cəbhəçilərin portağal kimi sıxıb suyunu çıxarmışıq. Sonra da bir güncə atıb, yeni bir cəbhəçi axtarışına çıxmışıq. Mən bu prosesin iştirakçısı olmaqdan imtina edirəm”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti