Ombudsman dövlət qurumlarındakı nöqsanları açıqladı

Ombudsman dövlət qurumlarındakı nöqsanları açıqladı
  06 Mart 2015    Oxunub:1630
“Təhlil və müşahidələr təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər, eləcə də tədris prosesindəki nöqsanların hələ də qaldığını göstərir. Bu da haqlı narazılıqlara səbəb olur”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 2014-cü il üzrə illik hesabat çıxışında deyib. Onun sözlərinə görə, məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir:

“Kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanması xüsusi narahatlıq yaradır. Müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından təlabatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb etməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar var”.

Ombudsman bildirib ki, təhsil hüququ ilə bağlı ötən il onlara 129 müraciət daxil olub. Belə ki, bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib, günahkar şəxslər cəzalandırılıb:

“Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir. Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilib. Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, eləcə də bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin "sinifdə saxlamaq" hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunub”.

E.Süleymanova qeyd edib ki, ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomu və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, eləcə də xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürməyə, eyni zamanda, təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapıb”.

Ombudsman daha sonra qeyd edib ki, ötən il Azərbaycan Ombudsmanının ünvanına mənzil hüququ ilə bağlı 476 müraciət daxil olub.

Onun sözlərinə görə, müraciətlər əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınan mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar yer alıb:

“Vətəndaşlara məxsus torpaq sahələrində məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə həmin icra hakimiyyətləri tərəfindən baxılmalı və irad olduqda da belə, bu sənədlərə heç bir münasibət bildirilmir və ya müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı əsas gətirilməklə mənfi cavab verilir. Məhz bu hal vətəndaşların fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmasının qarşısını almaqla yanaşı, rüşvət hallarına da şərait yaradır. Bundan başqa, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. İstismarına icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilib, lakin qazlaşdırılmayıb”.

Ombudsman bildirib ki, təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan ötən il onların ünvanına 174 müraciət daxil olub: “Həmin müraciətlərdə vətəndaşlar müvafiq komissiya tərəfindən qəzalı vəziyyətə düşən evlərinə baxış keçirilmədiyini və ya təmir edilmədiyini, təmir üçün verilmiş kompensasiyanın məbləğinin az olduğunu, eləcə də dəymiş maddi ziyanın ödənilmədiyini bildirib, qeyd edilən məsələlərin həll olunmasında və çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti