Elnuru “Eurovision”a məcbur göndərirlər?
Bəstəkar Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynovun ikinci dəfə “Eurovision” yarışmasında iştirak edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edib ki, “Eurovision” yarışmasında iştirakçıların hüquqları çox azdır, bütün məsələləri Təşkilat Komitələri həll edir:
“Elnur mənə “Eurovision” yarışmasına gedəcəyi ilə bağlı heç nə deməyib. Burada ən əsas Elnurun orada nəyi təqdim etməsidir. Birinci dəfə o, bizi yarışmasında çox yüksək səviyyədə təmsil etmişdi. O, həmin zaman öz səs imkanlarını çox gözəl nümayiş etdirmişdi. İkinci dəfə isə o Türkiyədə Azərbaycanı çox gözəl təmsil etdi. İnanıram ki, Elnur bu “Eurovision” yarışmasında da ölkəmizi çox gözəl təqdim edəcək. Yəqin ki, onun “Eurovision”a getməsi Azərbaycan Təşkilat Komitəsinin qərarıdır. Çox güman ki, onlar Elnuru həmin yarışmaya yenidən layiq görüblər. Bu onun seçimi ilə deyil”.
Daha sonra bəstəkar qeyd edib ki, əsas məsələ Elnur Hüseynovun sözügedən yarışmada necə təmsil olunmasıdır: “Keçən il Dilarə Kazımova yarışmada çox fərqli təmsil olunmuşdu. Fərid də çox yaxşı ifa etmişdi.
İnşallah Elnur ən azından ölkəmizi yarışmada 2008-ci ildəki qədər təmsil edəcək. O, artıq Türkiyənin birincisidir. Elnur Azərbaycanı “Eurovision”da təmsil edən birinci şəxsdir. Gərək onun budəfəki çıxışı əvvəlkilərdən daha yüksək səviyyədə təşkil olunsun. İndi tamaşaçılar ondan əvvəlki çıxışlardan daha mükəmməl çıxış tələb edəcəklər”.
Bəstəkarın sözlərinə görə, yarışmaya hazırlıq prosesi çox ağır keçəcək: “Allah Elnurun çıxışını hazırlayanlara yardım etsin. Mən bilmirəm ki, bu qısa müddətdə Elnurun möhtəşəm çıxış etməsi üçün nə ediləcək? Çünki vaxta çox az qalıb və iş çox ağır olacaq. Bu çox riskli bir addımdır. Elnurun özünün hazırlaşması elə də əsas deyil. Çünki “Eurovision” elə bir layihədir ki, iştirakçıların orada hüquqları çox deyil. İştirakçılara nə deyilir, onu da edirlər. Mən çox istəyərdim ki, Elnur bugünkü liderliyini, ifasının mükəmməlliyi ilə bağlı hər kəsin beynində yaranan fikirləri qoruyub saxlaya bilsin”.
G. Həsənzadə E. Hüseynovun ikinci dəfə həmin yarışmada təmsil olumasından sonra onun üçün yarana biləcək problemlərdən söhbət açıb:
“İstəmirəm ki, bu “Eurovision” yarışmasında hansısa bir məsələyə görə, Elnurun imicində bir büdrəmə olsun. Bunu heç istəməzdim. Bu mənim şəxsi münasibətimdir. Bəlkə də Təşkilat Komitəsi elə bir layihə hazırlayacaq ki, onun öhdəsindən yalnız Elnur gələ biləcək. Mən Elnurun yenidən o yarışmaya getməsinin əleyhinə deyiləm. Elnurdan möhtəşəm çıxış gözləyirəm. Onun ifası ilə bağlı heç bir problem və narahatlıq yoxdur. Ona nə təqdim olunsa ifa edəcək. Çünki Elnurun səs imkanları çox yüksəkdir. Elnurun səhnədə büdrəmə problemi yoxdur. Amma orda təqdim olunacaq şou və musiqi mükəmməl olmalıdır”.
Sonda isə bəstəkar qeyd edb ki, E. Hüseynov bütün telefonlarını söndürüb: “Elnur telefonlarını bağlayıb. Onunla əlaqə saxlaya bilmirəm. Düşünürəm ki, Elnur artıq Təşkilatı Komitə ilə bu iş üzərində işlədiklərinə görə bizimlə əlaqəyə girmir. Allah Elnurun yolunu açıq eləsin. Elə olsun ki, sonda peşmançılıq olmasın. Onun “Eurovision”da birinciliyi qazanmasına heç bir ehtiyacı yoxdur. Çünki o artıq birincidir “Eurovisona” gedib, üzümüzü ağ edib. Elnura uğurlar”-deyə, G.Həsənzadə qeyd edib.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


