`ASAN`da bayram - FOTOLAR

`ASAN`da bayram - FOTOLAR
  18 Mart 2015    Oxunub:15923
Keçəl, kosa, “Novruz gəlir, yaz gəlir” mahnısının sədaları altında şəxsiyyət vəsiqəsi dəyişmək, hansısa sənədi almaq və ya vəsiqə üçün şəkil çəkdirmək... Təzadlı görünür, düzdürmü?

İlaxır çərşənbə iş gününə təsadüf etdiyindən 1 saylı “ASAN Xidmət”də əsl bayram ab-havası yaşanırdı. “ASAN Xidmət” Mərkəzində yaradılan bayram mənzərəsi göz oxşayırdı.

Bu kreativ ideyanın müəllifi “ASAN Xidmət”in vətəndaşların qəbulu işinin təşkili sektorunun əməkdaşı Nəzrin Kəlbəliyevadır. Onun təşəbbüsü ilə mərkəzdə gözəl Novruz güşəsi yaradılıb.



“Əslində biz qohumum İradə Əmiraslanovadan sadəcə Novruz masası hazırlamağını xahiş etmişdik. O isə tamamilə təmənnasız olaraq bizim üçün bu guşəni hazırladı. Gördüyünüz Novruz xonçası, çərəzlə yazılmış “ASAN Xidmət” loqosu, yastıq və mütəkkələr və s. bütün dekorasiya onun əl işidir. Gecə saatlarına qədər sektorumuzun əməkdaşları ilə birlikdə bu guşəni hazırlamışıq”.



Söhbətimiz zamanı gözümüz böyük səməninin olduğu siniyə sataşır. ASAN-çılar İlaxır çərşənbə axşamı süfrədə “s” hərfi ilə başlayan 7 təam olmalıdır adətini də unutmayıblar. Siniyə su, sünbül, sarıkök, səməni, sumaq və sirkə düzüblər.



Nəzrin xanımdan vətəndaşların reaksiyasını öyrənmək istəyirdik ki, xidmətin əməkdaşlarından biri sözümüzü kəsir:

“Bu gün burada cütlüklərdən birinin nişan mərasimi oldu. Cütlük nikahlarını qeydiyyatdan keçirəndən sonra nişan üzüklərini bu guşədə dəyişdilər”.



Vətəndaşların bu ideyanı maraqla qarşıladığını deyən Nəzrin xanımın sözlərinə görə, ASAN-çılar işdən sonra çərşənbəni birlikdə qeyd edəcəklər.

“İdeyamız əhalinin çox xoşuna gəlir. Keçəlimiz, kosamız var. Hətta Novruz falımız və bayramımıza musiqi qatmaq üçün gitaramız olacaq”.












Fatimə Kərimli
Fotolar: Elnur Abdulla



Teqlər:  



Xəbər lenti