Ali Məhkəmənin sədri: `Qanunvericiliklə boşluqlar var`

Ali Məhkəmənin sədri: `Qanunvericiliklə boşluqlar var`
  18 Mart 2015    Oxunub:1759
Azərbaycan Ali Məhkəməsinin sədri hesab edir ki, Cinayət və Mülki məcəllələrdə müəyyən boşluqlar var.
AzVision.az xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün jurnalistlərə açıqlamasında bildirib ki, qanun da canlı orqanizmdir: "O nə qədər mükəmməl olursa olsun, həyatdan mükəmməl ola bilməz. Həyatın öz qanunları var. O qanunlar da tətbiq ediləndə qüsurları, boşluqları ortaya çıxır. Biz də müvafiq təkliflər veririk ki, qanunlarda müəyyən dəyişikliklər edilsin və həyatın qanunlarına uyğun olsun".

R.Rzayev hesab edir ki, Cinayət Məcəlləsi və Mülki Məcəllədə müəyyən boşluqlar var: "Məhkəmələrdə işlərin sayının çox olması da müəyyən qədər bununla bağlıdır. Məsələn, elə icra məsələləri var ki, onlarla bağlı məhkəmələrə müraciət etməyə ehtiyac yoxdur. Əgər hər iki tərəf razıdırsa, yazılsın ki, icra olundu. Məhkəməyə o zaman müraciət olunar ki, kimsə narazıdır. Cavabdeh də, iddiaçı da razıdırsa, niyə bu işə məhkəmədə xitam verilməlidir? Bunun üçün icra olduğuna dair qərar yazmaq yetər. Əgər belə olsa, məhkəmələrdəki işlərin sayı 20 faiz azala bilər. Elə maddələr var ki, onları Cinayət Məcəlləsindən çıxarmaq olar. Bəzi maddələri isə daha da təkmilləşdirmək, sərtləşdirmək lazımdır".

AzVision.az


Teqlər:



Xəbər lenti