`Klinikalar qiymətləri kəllə-çarxa qaldırıb` - Deputat

`Klinikalar qiymətləri kəllə-çarxa qaldırıb` - Deputat
  31 Mart 2015    Oxunub:3070
“Özəl klinikalarda qiymətlər çox bahadır. Təsəvvür edin, ümumi müayinə zamanı müraciət edən vətəndaş minimum 80-200 manat arası pul ödəməlidir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. Deputat klinikalardakı qiymətlərdən narazılıq edib.

“Dövlət müəssisələrində isə təbii ki, belə bir qiymət yoxdur. Ola bilər ki, hansısa tibbi xidmət sahəsində müəyyən qədər 20-30 manat civarında pul çıxsın. Amma özəl klinikalarda bu rəqəmlər olduqca yüksəkdir. Bu mövzuda insanların narahatlığı artıq gündəlik mövzuya çevrilib”.

Millət vəkili hesab edir ki, özəl klinikalar özlərini reklam etsələr də orada çalışan həkimlərin çoxu qeyri-peşəkar şəxslərdir.

“Özəl klinikalarda bəzən yüksək olmayan xidmətlər göstərirlər. Qeyri-peşəkar şəxsləri hansısa əməliyyatlara cəlb edirlər. İnsanları aldadırlar ki, yaxşı əməliyyat olacaq, amma sonra belə olmur. Son vaxtlar özəl klinikalarda ölüm hallarının da sayı artıb”.

Ç.Qənizadə məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini deyib.

“Özəl müəssisələr belə desək azad ticarətdir. Azad sahibkarlıq olduğu üçün qiymətləri də özləri müəyyən edirlər. Amma hesab edirəm ki, bu gün müəssisələrin fəaliyyəti zamanı insanların yaşayış səviyyəsi nəzərə alınmalıdır. Azərbaycanın səhiyyə ocaqlarında olan ən professional işçiləri yüksək maaşla özəl klinikalara dəvət edirlər. Bu isə əslində insanların yüksək səviyyəli tibbi xidmətlər almasına maneçilik törədir. Özəl klinikalar qiymətlərdə bir az insaflı davranmalıdırlar”.

Deputat həmçinin əlavə edib ki, klinikalara dövlət nəzarəti olmalı, nizam-intizam yaradılmalıdır: Onun sözlərinə görə, bunu da yalnız Səhiyyə Nazirliyi edə bilər: “Ölkəmizdə dərman preparatlarının satışı üçün maksimum həddin müəyyən edilməsi ilə əlaqədar qanun qəbul etmişik. Bununla bağlı müvafiq komissiya işləyir. Gələcəkdə Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə siyahı tərtib olunacaq ki, hansı dərman neçəyədir. Bir aptekdən 10 manata aldığımız dərmanı digər aptekdən 18 manata almayacayıq. Səhiyyə nazirindən xahiş etdim ki, bu sahədə olan özbaşnalıqları tənzimləsin.

Amma qiymətlər kəllə-çarxa çıxmalı deyil. Belə hesab edirəm ki, bu əhalinin böyük hissəsini narahat edən məsələlərdən biridir. Düşünürəm ki, bu sahədə də nəzarət həyata keçirilməlidir ki, qiymətlər özəl klinikalarda tənzimlənməlidir. Ən aşağı və ən yüksək məbləğ müəyyən olunmalıdır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti