Azərbaycanlılar Yəməndən çıxarılacaqmı? - AÇIQLAMA

Azərbaycanlılar Yəməndən çıxarılacaqmı? - AÇIQLAMA
  02 Aprel 2015    Oxunub:2032
“Yəməndəki azərbaycanlıların təxliyyəsi ilə Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyi məşğul olur”.
Bunu AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, bildirib ki, bu məsələ ilə konsulluq məşğul olur və konsulluqda qeydiyyatda olan şəxslərin təxliyyəsi məsələsi nəzarətdədir.

Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndəki səfirliyinin ikinci katibi Emil Qasımzadə açıqlamasında bildirib ki, hazırda Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 3 nəfəri konsulluq qeydiyyatındadır.

Diplomat vurğulayıb ki, konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları Ədəndə yaşayır. Səfirlik onlarla bir müddət əvvəl telefon əlaqəsi saxlayıb, lakin həmin vətəndaşlar ölkəni tərk etməkdən imtina edib: "O zaman vəziyyət indiki kimi gərgin deyildi. Lakin Yəməndə vəziyyət pisləşdikdən sonra biz Türkiyənin Səudiyyə Ərəbistanındakı səfirliyi ilə vətəndaşların təxliyə edilməsi ilə bağlı əlaqə saxladıq. Lakin onlar bildirdilər ki, Sanadakı səfirliyi bağlayırlar və Turkish Airlines şirkəti bu ölkəyə uçuşları dayandırır. Bundan sonra biz Rusiya səfirliyi ilə əlaqə saxladıq".

Diplomat qeyd edib ki, Rusiya tərəfi lazım gəldiyi halda vətəndaşlarımızın təxliyə olunmasında kömək etməyə hazır olduğunu bildirib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti