Bakalavrlara verilən vaxt sabah bitir

Bakalavrlara verilən vaxt sabah bitir
  09 Aprel 2015    Oxunub:1713
Ali təhsil müəssisələrinin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi sabah başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.

Bu bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında veriləcəkdir).

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər ikinci mərhələ imtahanına buraxılmayacaqlar. İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK tərəfindən bakalavrın yaşadığı məntəqəyə görə təyin edilir.

Qeyd edək ki, imtahanın birinci mərhələsi 2015-ci il fevralın 22-də keçirilib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti