Müxalifətdən Müsavata zərbə: Yürüşə getməyəcəyik...
Müsavatın müraciətinə icazə verilərsə, müxalifət bu yürüşə qatılacaqmı?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a bildirib ki, bu məsələ partiyada müzakirə olunmur:
“Bu məsələ bizim üçün müzakirə olunmur. Dəvət edəcəkləri təqdirdə partiyanın reaksiyasına gəlincə isə, hələ ki heç bir müraciət daxil olmayıb”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə başqa bir qüvvənin təşkil etdiyi yürüşdə iştirakın qanuna zidd olduğunu deyib:
“Demokratiya tələb edir ki, qərarları verənlər özləri icra etsin. Bir tərəfin qərar verib digər tərəfi ya dəvət, ya xahiş, ya da əmr edib o prosesə qoşmağı həm demokratiyaya, həm də qanuna ziddir. Söhbət qanun qarşısında məsuliyyətdən gedir, qərarı kim veribsə, məsuliyyəti də o daşımalıdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yürüş baş tutacağı gün partiyada sessiya keçiriləcəyini deyib. Bu baxımdan onlar da Müsavatın yürüşünə qatılmayacaq.
Milli Şura da Müsavatın yürüşünə qatılmayacaq. Digər müxalifət qüvvələrinin Müsavatın yürüşünə münasibəti bir o qədər də xoş deyil.
Xüsusən də Müsavatdan istefa verən Qubad İbadoğlu və tərəfdarları, eləcə də onun rəhbərlik etdiyi ADR yürüşü boykot edir. Bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə çağırışlar edirlər.
Müsavat Partiyasının sədr müavini Elman Fəttah bütün bunlara baxmayaraq, müxalifətin yürüşə dəvət ediləcəyinin mümkün olduğunu deyib.
“Divanın bu gün baş tutacaq iclasında bu məsələ müzakirə olunacaq. Real müxalifət qüvvələrinin əksəriyyəti dəvət oluna bilər. Hansı təşkialtlara müraciət göndəriləcəyi isə Divanın iclasından sonra bəlli olacaq”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


