Azay Quliyev QHT rəhbərlərini topladı - Foto

Azay Quliyev QHT rəhbərlərini topladı - Foto
  26 Noyabr 2015    Oxunub:1849
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.
AzVision.az xəbər verir ki, toplantıda giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil etdiyini bildirib: “Forumun əsas məqsəd Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir”.

Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan Azay Quliyev bildirib ki, cari ildə Şuraya ayrılan vəsaitdən olduqca qənaətlə istifadə olunub. "Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016 - cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları haqqında ətraflı təqdimatla çıxış edib. F. Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə də toxunub:

“Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki, əldə olunan müsbət nəticələrə baxmayaraq hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.

Toplantıda çıxış edən digər QHT rəhbərləri cinayətkarlığın baş verməsini törədən səbəblərin araşdırılması, insan alveri, yerli təşkilatların xarici QHT-lərlə təcrübə mübadiləsinin təşkili, milli-mənəvi dəyərlərimizin təbliği, sosial çarxların hazırlanması, korrupsiyaya qarşı mübarizə, sərhədyanı rayonlarda maarifçiliyin artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və digər mövzularla bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.

Qalereya




Teqlər:  





Xəbər lenti