Türkiyə Azərbaycana viza tətbiq etməyəcək - Səfirlik

Türkiyə Azərbaycana viza tətbiq etməyəcək - Səfirlik
  08 Yanvar 2016    Oxunub:2342
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
AzVision.az - ın məlumata görə, səfirliyin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Belə ki, iki ölkə arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur. 2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir.

Xatırladaq ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti