Almaniya Qarabağ üçün nə edəcək? - ŞƏRH

Almaniya Qarabağ üçün nə edəcək? - ŞƏRH
  15 Yanvar 2016    Oxunub:4649
Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək.

Bu barədə Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

Almaniyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı necə təsir göstərəcək?

Millət vəkili, politoloq Hikmət Babaoğlu hesab edir ki, Almaniyanının ATƏT-ə sədrliyi digər ölkələrin sədrliyi dövründən ciddi fərqlənməyəcək: “Ştaynmayer etiraf edir ki, Almaniyanının sədrliyi kifayət qədər çətin və mürəkkəb bir dövrə təsadüf edir. Bu, doğurdan da belədir. Çünki hazırda beynəlxalq münasibətlər sistemində tarazlıq pozulub. Bunun bərpasını ən optimist politoloqlar belə yaxın və orta perespektivdə proqozlaşdıra bilmirlər. Belə mürəkkəb şəraitdə Almaniya ATƏT-in sədri olsa belə, təkbaşına istər ATƏT məkanında, istərsə də ondan kənarda hər hansı qəti və effektiv qərar qəbul edə bilməz”.



“Üstəlik biz dəqiq deyə bilmərik ki, Almaniya sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini həll etməyi priorititet kimi müəyyənləşdirib. Almaniyanın xarici işlər naziri bəyan edir ki, ilk növbədə Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq. ATƏT dialoq və qarşılıqlı etimad platforması kimi görür. Biz isə bilirik ki, dialoq və danışıqlar yolu ilə işğalçı Ermənistan torpaqlarımızdan çəkilməyəcək. Belə olan təqdirdə etimad mühitindən danışmaq olmaz . Yaxşı olardı ki, Ştaynmayer ATƏT üçün ölkələrin ərazi bütövlüyünün prioritet olduğunu və yalnız bu şərtlər çərçivəsində dialoq və etimadın mümkünlüyünü qeyd etsin. Bundan sonra biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa irəliləyişin olacağını düşünə bilərdik”, -deyə H.Babaoğlu vurğulayıb.



Politoloq Arzu Nağıyev bildirib ki, Almaniya istər ATƏT-in üzvü kimi, istərsə də sədr kimi öz mövqeyi olan bir dövlətdir: “Düşünürəm ki, Almaniya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilən ən mühüm Avropa dövlətləridir. Bir müddət öncə Almaniyanın da nümayəndəsinin Minsk Qrupunda həmsədrlərdən biri olması təklifi irəli sürülmüşdü. Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı Kansler Angela Merkel ilə görüşündə bu məsələ çox ciddi şəkildə müzakirə olundu. Həmçinin, Almaniyanın münaqişənin həlli istiqamətində mühüm addımlar atacağı haqqında bəyanatlar da yayıldı. Bu baxımdan düşünürəm ki, Almaniya ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar ata bilər”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti