Qorxmayın, AAMBŞ sizinlədir! – REPLİKA

Qorxmayın, AAMBŞ sizinlədir! – REPLİKA
  15 Yanvar 2016    Oxunub:2367
Heç demə, Avropada Azərbaycanlılarının Milli Birlik Şurası adlı bir qurum var imiş. Siz indiyə qədər beləsini eşitmişdiniz? Biz də yox... Amma xoşbəxtlikdən, AAMBŞ bu günlərdə gördüyü böyük işlər ilə səsini çıxardı, biz də onun varlığından xəbərdar olduq.

Sizcə, AAMBŞ nə edib? Avropa ölkələrində Qarabağla bağlı aksiyalar keçirib? Erməni diasporunun yalanlarını üzə çıxarıb? Azərbaycana böhtan atan avropalı siyasətçiləri ifşa edib?!

Tapmadınız. AAMBŞ İsveçrədə (!) aksiya keçirərək, Azərbaycanın “bəzi rayonlarında etiraz edən” insanlara dəstək verib. Oradan bura ölkədəki təşkilatlara müraciət edib: Niyə xalqın yanında deyilsiniz? Maraqlı sualdır; amma bir soruşan gərək: bəs siz özünüz niyə xalqın yanında deyilsiniz? Oradan bura bəyanat yayınca, gəlin, özünüz onun aksiyalarına qoşulun da... İsveçrədə 5-6 nəfəri toplayıb, şəkil çəkdirməyə nə var ki?! Hərçənd, heç onların da nə üçün toplandıqları şəkildən məlum olmur...

Ən ləzzətlisi isə budur: AAMBŞ əvvəlcə bəyan edir ki, iqtidarın sonu çatıb, ardınca bəyan edir ki, müxalifət və QHT-lər xalqın etirazlarına qoşulmayacaqlarsa, onların da sonu çatıb. Maraqlıdır, bəs sonu çatmayan kimdir? AAMBŞ! Ölkədə və xaricdə cəmisi bircə təşkilat qalacaq, o da cəsur AAMBŞ-dır!



Hələ AAMBŞ söz verib ki, “Bakıda, Sumqayıtda, Gəncədə və digər rayonlarda etiraz aksiyalarında xalqımızın yanında olacağıq”. Biz inanırıq, amma necə?! Avropada ola-ola həm də Azərbaycanın rayonlarında peyda olmaq necə mümkündür?

Bunun bir yolu hər halda, var: qoloqramma.
Yadınızdadır, Ərdoğan qoloqramma ilə mitinqlərin birində necə peyda olmuşdu? Yəqin, AAMBS sədri Qabil Rzayev də o cür qoloqramma ilə rayonlarda aksiya keçirənlərin yanında zühur edəcək. Təki olsun. Onsuz da feysbukdan istifadə fayda vermir, bəlkə qoloqrammadan nəsə çıxar.

Tariyel Həsənov
AzVision.az


Teqlər:



Xəbər lenti