26 il keçməsinə baxmayaraq, 20 Yanvar faciəsi xalqın yaddaşında dərin iz buraxıb.

Faciənin şahidi olan 75 yaşlı paytaxt sakini Hacıadil Məmmədov qanlı gecəni ürək ağrısı ilə xatırlayır: “20 Yanvar faciəsi bir an olsun belə gözümün önündən getmir. Heç kim bu hadisəni gözləmirdi. Gecə tanklar şəhərə girib insanların üstünə gələndə hərə bir yerə qaçırdı. Heç kimdə silah yox idi. Hamı azadlıq naminə küçələrə çıxmışdı. Hər tərəf meyit, yaralı insanlarla dolu idi. Meyitlərin çoxunu rus əsgləri dənizə atmışdılar”.
67 yaşlı Sabir Allahverdiyevin sözlərinə görə, 20 Yanvar təkcə Azərbaycanın faciəsi deyil, həm də şanlı tarixinə yazılan zəfər günüdür: “Silahsız insanların rus tanklarına qarşı çıxması böyük zəfər, şüraciət günüdür. Bu hadisə Rusiyada olsaydı, insanlar qorxularından qaçıb gizlənərdilər. Amma biz onlarla kişi kimi vuruşduq”.
Azərbaycan Elmlər Akademiyasının Fizika İnstutunda çalışan Cahan Hüseynov da faciənin canlı şahidi olub: “Oğlumla birlikdə küçələrdən meyitləri daşıyırdıq. Oğlum təsadüf nəticəsində sağ qaldı. O, təcili yardım maşını ilə xəstələri aparanda tüfəngi alnına dayararaq öldürmək istəyiblər. Rus dilində danışdığından onu öldürməyiblər”.
İsayev Nurxan faciədən təsadüf nəticəsində xilas ola bilib: “O zaman Bakı Baş Tikinti İdarəsində işləyirdim. Həmin gecə Prezident Aparatının qabağında yığılmışdıq. Hər tərəf blakadaya alınmışdı. Güllə səsləri eşidilirdi. İnsanlar evə getmirdilər, deyirdilər ki, ölsək də hamı bir yerdə ölsün. Bir neçə saat içində Bakı qan gölünə döndü”.
Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla







Vaxtında, Aydın, Lazımlı!


