`Korrupsiya görə 70 nəfər tutulub` - Hərbi prokuror
2014-cü ilə nisbətən 2015-ci ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb.
Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Azərbaycanın hərbi prokuroru həmçinin bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da ölkə başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.
İclasda bildirilib ki, ötən il Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib. Baş prokurorun və hərbi prokurorun müvafiq əmrləri ilə 7 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 44 əməkdaş həvəsləndirilib, 49 işçi müxtəlif medallarla təltif olunub, 72 əməkdaşa rütbələr verilib.
Hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


