Azərbaycanda benzin daha ucuzdur - ABŞ-la müqayisə

Azərbaycanda benzin daha ucuzdur - ABŞ-la müqayisə
  08 Fevral 2016    Oxunub:3083
Ötən həftə SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanda benzinin qiyməti ilə bağlı maraqlı müqayisə aparıb. SOCAR rəhbəri gənclərlə görüşdə sualları cavablandırarkən Azərbaycanda benzinin qiymətinin ABŞ-dan ucuz olduğunu bildirib:

“Neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bizdə benzin Amerikadan da ucuzdur”.

SOCAR şefinin ABŞ-la Azərbaycan arasında apardığı müqayisə müzakirələrə səbəb olub.

AzVision.az-ın araşdırması zamanı məlum olub ki, Azərbaycanda benzin həqiqətən də ABŞ-dan ucuzdur. Belə ki, ötən həftə ABŞ-da benzinin bir qallonu (3,7 litr) 1, 82 dollar olub. Bu isə yanacağın bir litrinin 0,48 sent ( 78 qəpik) olduğu anlamına gəlir.

Azərbaycanda isə Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpikdir.



İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirib ki, ABŞ-da bütün ştatlar nəzərə alınmaqla bir qallon benzinin orta qiyməti 1.822 dollardır. Bu isə o deməkdir ki, benzinin 1 litrinin qiymət cəmi 48 ABŞ sentidir. Azərbaycanda isə 1 litr daxili istehsal benzinin qiyməti dollar ifadəsində 45 sentə düşüb.

Ekspertin fikrincə, 3800 dollar orta aylıq əmək haqqıya malik olan ABŞ-da gündəlk 5 litr benzindən istifadə edən vətəndaşın xərci ümumi gəlirinin cəmi 1.9 faizni təşkil edirsə, bu göstərici bizdə 21 faizə bərabərdir.

“Gündəlik benzin sərfi 5 litr olan orta Azərbaycan vətəndaşı öz gəlirinin 1/5-dən çoxunu yanacağa xərcləyir. Benzinin qiyməti ilə neftin dünya bazar qiyməti arasında əlaqənin olduğunu kimsə iddia etmir və əslində, neft özümüzün olduğu üçün qiymətin aşağı salınmasına ehtiyac var. Yanacağın ucuzlaşması büdcəyə bu mənbədən birbaşa daxilolmaları azalatsa da, dolayı gəlirləri artırdığı üçün nəticədə qazanan tərəf elə büdcə özü olacaq”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti