Fazil Məmmədov tapşırıqlar verdi
Nazir qeyd edib ki, Apelyasiya Şurasının yaradılması ölkə başçısının sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti mühüm addımdır. F.Məmmədov Vergilər Nazirliyində 2011-ci ildə yaradılmış Vergi Apelyasiya Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edərək, bildirib ki, bundan sonra sahibkarlar yerli və mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına müraciət edə biləcəklər ki, bu da mərkəzi icra hakimiyyətindəki müvafiq instansiyaların sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırmalıdır.
Vurğulanıb ki, sahibkarların hüquqlarının qorunması imkanlarını daha da genişləndirən bu islahat sahibkar - dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, sözügedən qurum Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsinə, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsinə xidmət edəcək.
Daha sonra vergilər naziri ölkə başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib.
Nazirin müvafiq əmri ilə Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, nazirliyin Beynəlxalq münasibətlər idarəsi və Maliyyə institutlarında vergi monitorinqi idarəsi ləğv edilərək onların mövcud ştat vahidləri hesabına Beynəlxalq münasibətlər idarəsi və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi yaradılıb, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.
F.Məmmədov Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının Əsasnaməsinin Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının Əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.