Rəsmi Bakı həmsədrlərdən imtina edə bilər, amma...

Rəsmi Bakı həmsədrlərdən imtina edə bilər, amma...
  08 Fevral 2016    Oxunub:2601
“Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan həmsədrlərlə birgə fəaliyyəti çətin olacaq”.
AzVision.az-ın məlumatına bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq təklif edir ki, həmsədrlərin bölgəyə növbəti səfərində Azərbaycan prezidenti İlham Əliyev onlarla görüşməsin, bu missiyanı xarici işlər naziri Elmar Məmmədyarov yerinə yetirsin.

E.Şahinoğlu deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 29-da bir qrup gənclə görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərini sərt tənqid etməsi cəmiyyətdə iki sual yaradıb: “Birinci “Azərbaycan Mnsk qrupu həmsədrlərindən imtina edəcəkmi?”, ikinci “Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir?” ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin bir iş deyil. Çətinlik bu qərardan sonra yaranacaq. Çünki rəsmi Bakı həmsədrlərdən imtina edəcəyi halda danışıqlara son verən tərəf olacaq. Rəsmi Bakının qərarının əksinə olaraq isə İrəvan Minsk qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu isə Ermənistanın xeyrinədir”.

Politoloq qeyd edib ki, Azərbaycanın həmsədrlərdən imtinası sülh danışıqlarının nəticə vermədiyi və torpaqları müharibə vasitəsilə geri qaytarmağa hazır olduğu mənasını verəcək: “Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, Azərbaycanın böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığı dövrdə rəsmi Bakının müharibəyə başlaması problematikdir. Müharibə bütün bu layihələrin reallaşmasını təhlükə altına alacaq. Ona görə də rəsmi Bakı indiki şərtlər daxilində müharibə qərarı verməyə tələsməyəcək. Belə olan halda rəsmi Bakı özünün imitasiya adlandırdığı danışıqları davam etdirmək məcburiyyətindədir”.



“Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir” sualına isə politoloq belə cavab verib: “Rəsmi Bakı həmsədrlikdə Fransanı Almaniya ilə əvəz etmək, əlavə olaraq Türkiyəni də qrupa salmaq istəyərdi. Minsk qrupunun üzvü olan Almaniya ATƏT-in hazırki sədridir və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bakı həmsədrlərin hazırki formatını dəyişdirmək üçün ATƏT-in mənzil qərargahında – Vyanada Minsk Qrupunun bütün üzv dövlətlərinin iştirakı ilə konfrans keçirməyi təklif edir. Azərbaycan bununla istəyir ki, Minsk Qrupunun digər üzvləri hazırki həmsədrlərin – ABŞ, Rusiya və Fransanın fəaliyyətinə qiymət versinlər, eyni zamanda özləri də fəallaşsınlar”.

E. Şahinoğlunun sözlərinə görə, problem ondadır ki, hazırki həmsədrlər – ABŞ, Fransa və Rusiya həmsədrlikdə özlərindən başqa digər dövlətləri, o cümlədən Almaniya və Türkiyənin münaqişənin həllində fəallaşmasını istəmirlər.

“Ermənistanın da mövqeyi eynidir. Rəsmi İrəvan Bakının Vyanada konfrans ideyasına mənfi yanaşır. Buna görə də yalnız rəsmi Bakının istəyi ilə Minsk qrupunun formatını dəyişmək çətindir. Bu arada, Minsk qrupu ilə yanaşı digər iki formatın yaradılması barədə də xəbərlər yayılır.

Birinci format: Dağlıq Qarabağ münaqişəsinin həllinə bir neçə regional dövlət cəlb olunsun. Rusiya ilə yanaşı, İran, Qazaxıstan və Belarusun adları çəkilir.

İkinci format: Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya və İran cəlb olunsun. Bununla da dördlü format – Rusiya + İran + Azərbaycan + Ermənistan yaradılsın. Hər iki format Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Doğrudur, birinci formatda Qazaxıstan və Belarus var ki, bu iki dövlət münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün qorunmasını vacib sayır. Bu iki dövlət Rusiyanın hərbi-siyasi müttəfiqləridir və Moskvanın istəkləri əleyhinə çıxmayacaqlar. Moskva isə müttəfiqi Ermənistanın maraqlarını diqqətə alır. İkinci format isə ümumiyyətlə Azərbaycanın əleyhinədir. Rusiya və İran Ermənistanın bölgədəki iki ən yaxın müttəfiqidir. Moskva və Tehran Azərbaycanın Qərblə və Türkiyə ilə əməkdaşlığına tənqidi yanaşır və Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı deyillər. Ona görə də rəsmi Bakı nə birinci, nə də ikinci formata “yaşıl” işıq yandıracaq” – deyə Politoloq deyib.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan üçün indiki şəraitdə yeganə alternativ Ermənistan və Dağlıq Qarabağ separatçılarını təzyiq altında saxlamaqdır. Politoloq vurğulayıb ki, Ermənistan azalan insani və maliyyə potensialını işğal altındakı torpaqların qorunmasına xərcləyir və bu potensial getdikcə tükənir.

Elvin Abdulqədirov


Teqlər:  






Xəbər lenti