Xocalı soyqırımına görə Haaqa məhkəməsinə müraciət edilməməsinin səbəbi

Xocalı soyqırımına görə Haaqa məhkəməsinə müraciət edilməməsinin səbəbi
  17 Fevral 2016    Oxunub:4475
“Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi orada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib.

Onun sözlərinə görə, Haaqada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır:

“Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı ilə bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir”.

N. Səfərov bildirib ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmayıb: “Bu, 1999-cu ildə Cinayət Məcəlləsində əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyalarını ratifikasiya edərək bunu Cinayət Məcəlləsinə köçürdük. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsinə dair müddəa olmasa belə, onunla bağlı sonradan cinayət işi başlana, məsuliyyətə cəlb oluna bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti