400-dən çox dövlət qulluqçusu cəzalandırılıb
“26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş və 2015-ci ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələr tərəfindən gecikdirilib. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulub. Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilib”.
Keçən il ərzində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.
Ümumilikdə hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-i töhmət, 27-i vəzifə maaşının azadılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.
Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilən 321 intizam tənbeh tədbirindən 285-i - töhmət, 27-i – vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i – dövlət qulluğundan azad edilmə olub. Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 83 intizam tənbeh tədbirindən 72-i töhmət, 11-i – dövlət qulluğundan azad edilmə olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


