Azərbaycan-Qətər dostluğu nə vəd edir? - ŞƏRH

Azərbaycan-Qətər dostluğu nə vəd edir? - ŞƏRH
  10 Mart 2016    Oxunub:5048
Xəbər verdiyimiz kimi, ötən gün Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani Azərbaycanda rəsmi səfərdə olub. O, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qətər əmirinin səfəri zamanı iki ölkə arasında təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənəd imzalanıb.

Görüşlərdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının səviyyəsi siyasi əməkdaşlıq səviyyəsinə qaldırılmalıdır.

"Biz xalqlarımız arasında bu iqtisadi körpünü yaratmalıyıq. Hesab edirəm ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda, daha da çox sayda Qətər vətəndaşlarının Azərbaycana səfər etməsi bizi məmnun edir. Bildiyiniz kimi, indi sizin vətəndaşlarınız üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və ziyarətçilərin sayı artmaqdadır. Bu da əlbəttə ki, xalqlar arasında əlaqələr üçün xüsusi fürsət yaradacaq. Birbaşa uçuşlarımız var, indi Azərbaycana çıxışınız daha da asanlaşıb. Bu da əlbəttə ki, turizmin inkişafına stimul verəcək və öz növbəsində xalqlarımız arasında daha da sıx münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Biz ölkələrimiz arasında bundan da sıx münasibətlərin formalaşmasını istəyirik".-deyə İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşündə deyib.



Dövlət başçısı bildirib ki, iqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur: "Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir".

Qətər əmirinin Azərbaycana səfərini şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Bakıda keçirilən görüş və imzalanan sənədlər ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.

Q.Hüseynlinin fikrincə, Qətər Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilər: “Qətər ərəb dünyasında ən nüfuzlu ölkələrdən biridir. Bu nöqteyi-nəzərdən Qətərin beynəlxalq təşkilatlarda nüfuzu yüksəkdir. Eyni zamanda bu ölkə ABŞ və Avropa ilə yaxşı əlaqələrə malikdir. Hesab edirəm ki, Azərbaycan-Qətər siyasi əməkdaşlığı, xüsusən beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini müdafiə etməsi mühüm əhəmiyyət kəsb edir. Qətər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ərəb dünyasına həm təsir baxımından, həm də erməni təcavüzünün ifşası baxımından böyük rol oynaya bilər”.



Politoloq, həmçinin vurğulayıb ki, Azərbaycanla Qətər arasında enerji məsələlərində əməkdaşlıq ölkəmiz üçün mühüm amildir: “Dünyada enerji məsələlərində dövlətlərin əməkdaşlığı yüksəlməkdədir. Xüsusilə ərəb dövlətlərinin. İndi Azərbaycan da bu prosesə qoşulub. Neftin dünya bazarında qiymətinin düşməsi siyasi məsələdir. Bu, bilavasitə müəyyən dövlətlərin təşəbbüsü ilə edilir. İndi neft siyasətini süni surətdə bərpa etmək imkanları xeyli çətinləşib və neftin qiymətində yüksəliş hiss edilməkdədir. Bu məsələdə də Azərbaycanın Qətərlə əməkdaşlığı böyük rol oynaya bilər. Qətər dünyanın diqqətçəkici neft istehsalçılarından biridir, həmçinin OPEC üzvüdür. Bu baxımdan OPEC-də alınan qərarlara siyasi təsir etmə imkanları var.

Azərbaycan neftin hasilatının indiki səviyyədə saxlanılmasına tərəfdardır. Yəqin ki, Qətər əmiri ilə bu məsələ ətrafında müzakirə aparılıb və ortaq məxrəcə gəlinib”, - deyə politoloq qeyd edib.

Q.Hüseynli əlavə edib ki, əmirin səfərinin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına Qətər sərmayəsi yatırıla bilər: “Qətərin böyük sərmayə ehtiyatları var. Azərbaycanda bir sıra sahələrə, ilk növbədə qeyri-neft sektoruna. xüsusən də aqrar sahəyə Qətər sərmayəsi yatırıla bilər”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  






Xəbər lenti