Dünyanın gündəmi Bakıda müzakirə edilir

Dünyanın gündəmi Bakıda müzakirə edilir
  11 Mart 2016    Oxunub:31940
“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu martın 11-də işini panel iclaslarla davam etdirir.
AzVision.az xəbər verir ki, öncə “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyinin və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda panel keçirilib. İtaliyanın sabiq baş naziri Franco Frattininin moderatoru olduğu panel iclasında Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Livanın sabiq baş naziri Fouad Siniora, pakistanın sabiq baş naziri Şaukat Aziz iştirak edib.



İtaliyanın sabiq baş naziri Franko Frattini deyib ki, embarqonun aradan qaldırılması İranın regionda mövqeyini gücləndirir. Onun sözlərinə görə, İran Əfqanıstan, İraq və Suriya üzərində geniş təsirlərə malikdir. Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili isə bildirib ki, hazırda İŞİD-in Əfqanıstana nüfuz edib: “Artıq ayrı-ayrı ölkələrin yalnız özlərini deyil, ümumilikdə region ölkələrinin ümumi maraqları çərçivəsində düşünməsi lazımdır. Gürcüstanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcək”.



Livanın keçmiş baş naziri Fuad Sinyora şərq ölkələrində din sahəsində islahatların çox vacib olduğunu bildirib: “Suriya məsələsinə səhv qapılardan girildi. Güc tətbiq edildi. Rusiya Suriyadakı rejimin daha çox vaxt əldə edə bilməsinə, nəfəs almasına və özünü masa arxasında görməsinə imkan verdi. Bu, İranın da Suriyada üstünlüyünü sual altına qoydu”. Pakistanın keçmiş baş naziri isə Şövkət Əziz İranın təcrid olunmasını düzgün saymadığını və ölkəsinin digər qonşulara nisbətən İranla daha asan münasibət qura bildiyini deyib.

Forumun davamında “Radikallaşma və miqrasiya qlobal təhlükəsizlik çağırışı kimi. Birgə fəaliyyətə necə nail olmalı?”, “Enerji və qlobal idarəçiliyin perspektivləri?” “Qeyri-bərabər, bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə. Necə? “İnsan hüquqlarının qlobal təşviqi və gender məsələləri ilə bağlı məlumatlılığın artırılması”, “Gənclər danışır, biz dinləyirik”, “Hazırkı münaqişələrin həllində dinlərarası dialoqun rolu”, “Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi” mövzularında panel iclaslarda mövzularla bağlı çıxışlar dinləniləcək, müzakirələr aparılacaq.

Forum “XXI əsrdə çoxqütblü dünyanın münaqişələrindən necə qurtulmalı?” mövzusunda yekun plenar sessiya ilə başa çatacaq. Sonda mətbuat konfransı keçiriləcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti