`Mən o tərbiyənin sahibi deyiləm` - Deputatdan ittihamlara cavab

`Mən o tərbiyənin sahibi deyiləm` - Deputatdan ittihamlara cavab
  11 Mart 2016    Oxunub:4211
Milli Məclisin 73 saylı Lənkəran şəhər seçki dairəsindən seçilən deputatı Rüfət Quliyev 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən SərxanTahirzadənin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Millət vəkili AzVision.az-a açıqlamasında ittihamların əsassız olduğunu deyib.

Deputat Sərxan Tahirzadənin onun seçicisi olmasa da, onunla görüşdüyünü, onun problemlərini dinlədiyini bildirib: “Onunla şəxsən qucaqlaşıb görüşmüşəm. Söhbət edib, vəziyyəti ilə maraqlanmışam. Həmin şəxsə mağaza veriblər. Görüşdə dedim ki, mağazanın təchizatında nə köməklik lazım olsa, sənə köməklik edəcəyəm. Görüşümüz normal keçib. Lənkəranın icra başçısı, deputat həmkarlarım Qənirə Paşayeva və Hadi Rəcəbli də ona dəfələrlə köməklik göstərib”.

Millət vəkili görüşdə Sərxan Tahirzadə ilə iş barəsində də söhbət etdiyini deyib: “O, ictimai fəaliyyətlə məşğul olmaq istədiyini bildirdi. Həmin şəxs ucqar kənddə yaşadığından bildirdik ki, bu yalnız Lənkəranın mərkəzində mümkün ola bilər. Bu işdə ona köməklik edəcəyimi dedim”.

Deputat, həmçinin S.Tahirzadəyə “yanıma gəl” deyə müraciət etmədiyini vurğulayıb: “Mən böyük bir nəslin nümayəndəsiyəm. Elə bir tərbiyə almamışam ki, ayaqlarını itirmiş insana qarşı elə qeyri-insani hərəkət edim. O, vətən uğrunda sağlamlığını itirib. Haqqımda deyilənlər mənim tərbiyəmə sığmır”.

R.Quliyev S. Tahirzadənin onun barəsində səsləndirdiyi fikirlərdən məyus olduğunu söyləyib.

Qeyd edək ki, 2014-cü ilin avqustunda cəbhədə - Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirən Sərxan Tahirzadə deputat Rüfət Quliyevlə bağlı bir sıra ittihamlar irəli sürüb. Tahirzadə deputat tərəfindən aldadıldığını, ona qarşı xoşagəlməz rəftar göstərildiyini deyib.

Anar Kəlbiyev
AzVision.az





Teqlər:  






Xəbər lenti