`İndiki vəziyyətdən çıxış yolu tapmalıyıq` - PA rəsmisi

`İndiki vəziyyətdən çıxış yolu tapmalıyıq` - PA rəsmisi
  11 Mart 2016    Oxunub:2759
“Azərbaycan son 25 il ərzində bir müsəlman dövləti kimi stabillik şəraitində davamlı inkişafı təmin etməyi bacarıb”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi" panelində deyib.

PA rəsmisi çıxışında bildirib: “Təəssüf ki, son 25 ildə dünyanı belə sabit görmək mümkün olmayıb. Bu gün dünya daha çox münaqişəli bir dünyaya çevrilib. Biz münaqişələrdən danışırıqsa, bizim üçün ən vacib problem Qarabağ məsələsidir. Biz indiki vəziyyətdən çıxış yolunu tapmalıyıq. Vaxtında dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, bu gün dünyada bu qədər münaqişə olmazdı. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bunun bir hissəsi Qarabağdır. Ətrafdakı 7 rayon da işğal olunub, Ermənistan o rayonlara heç bir iddia ortaya qoymur, ancaq vəziyyət dəyişmir. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasına göstərişlər gəlir ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlar qəbul etməyin. Bu gün belə dünyada yaşayırıq.

Ötən əsrin 90-cı illərində SSSR və Varşava müqaviləsi dağılandan sonra dünyada yeni mərhələ başladı. Nə qədər çətin olsa da səyləri ortaya qoymaqla uğurlu nəticələr əldə edə bilərik.

Çox təəssüf edirəm ki, Foruma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzu daxil edilməyib. Biz münaqişələrdən danışırıqsa, bizim üçün ən vacib problem Qarabağ məsələsidir. Müxtəlif mədəniyyətlər arasındakı qlobal görüşlər çoxqütüblü dünyanın məhsulu deyil. Bu, Qərb yüksəlişinin tənəzzülü, eyni zamanda cəmiyyətlər arasında qlobal səviyyənin yüksəlişi kimi qəbul olunur”.

N. Məmmədov əlavə edib ki, Avropa məsuliyyətdən yayınmamalıdır: “Azərbaycanın 1991-1992-ci ildə 7-8 milyon əhalisi var idi, 1 milyon qaçqının problemlərini həll etdi. Avropanın bu gün 500 milyon əhalisi var, 1 milyon miqrantın problemlərinin həllindən yayınır.

Ədalətli yanaşma olarsa, Avropa İttifaqı, ABŞ və digər böyük güclərin maraqları daha yaxşı təmin olunar. Bəzi dövlətlər məsuliyyəti üzərinə götürmək istəmir. Avropa ölkələri məsuliyyətlərini dərk edib, problemin mahiyyətini bilib, sonra mövqe ortaya qoymalıdır. Beynəlxalq hüquqda ədalətli yanaşma olmayanda, insan hüquqları və digər sahələrdən danışmağın əhəmiyyəti yoxdur. Danışmaq, nələrisə təbliğ etmək olar, lakin əhəmiyyəti olmayacaq”.

AzVision.az


Teqlər:  






Xəbər lenti