`Kişilik, hörmət yoxdur...` - Deputatdan telekanallara irad

`Kişilik, hörmət yoxdur...` -  Deputatdan telekanallara irad
  12 Aprel 2016    Oxunub:2762
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Tahir Rzayev bildirib ki, bu gün sosial şəbəkələr, bəzi saytlar, portallar, telekanallar insanlara qəddarlıq, vəhşilik hissləri təbliğ edirlər.

Deputat qeyd edib ki, qəddarlığı, vəhşiliyi təlqin etmək insanların şüuruna, tərbiyəsinə, sağlamlığına ciddi və mənfi təsirlərlə müşayiət olunur.

“Vaxtilə, ailədaxili məsələləri valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər, uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta, ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər. Ancaq bu gün tam bunun əksi baş verir. İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir. Bu yaxınlarda özüm şahidi olmuşam- bir neçə azyaşlı qız uşağı internetdə tanış olub, sonra hamısı evdən qaçıb gediblər.

Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün deyil. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil. Ona görə də insanların, xüsusilə uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir”.

Deputat Ağacan Abiyev isə Azərbaycan telekanallarında qaydasız döyüş idman növü üzrə kadrların yayımının dayandırılmasını təklif edib. Milli Məclisin üzvü bildirib ki, qaydasız döyüş televiziya tamaşaçılarında, xüsusilə uşaq və yeniyetmələrdə qəddarlıq hisslərinin aşılanmasına səbəb olur:

“Mən özüm idmançıyam və daha çox da idman verilişlərini izləyirəm. Televiziyalarda qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir. Kimsə yerə yıxılır, uzanır, başqası da onun üzünə-gözünə döyəcləyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır. Hesab edirəm ki, insanlarda humanizm deyil, qəddarlığı aşılayan verilişlərin, yarışların yayımı dayandırılmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti