Prezident sədr müavinini qəbul edib
Prezident İlham Əliyev Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi. Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu qeyd etdi. Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavininin Bakıya səfərinin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


