İtkin düşən hərbçimizin cəsədi tapıldı

İtkin düşən hərbçimizin cəsədi tapıldı
  16 Aprel 2016    Oxunub:3353
Cəbhə xəttində gedən döyüşlər zamanı itkin düşdüyü hesab olunan azərbaycanlı hərbçinin cəsədi döyüş meydanında aşkar edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” xəbər yayıb.

Bildirilib ki, Azərbaycan hərbçisinin nəşi aprelin 16-na keçən gecə təmas xəttində mühəndis-istehkam işləri aparılarkən tapılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir neçə gün öncə döyüş meydanında bir hərbi qulluçumuzun itkin düşdüyü barədə məlumat yaymışdı. Qeyd olunmuşdu ki, son döyüşlərdəki itkinlərlə bağlı aparılan axtarışlar zamanı kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

"İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır”, deyə Dövlət Komissiyası bəyan edib.

Komissiyanın mlumatına görə, bu günə kimi "hamının-hamıya" prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda, daha 1 erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti