Qohumları Əli Kərimliyə qarşı etiraza qalxdı - Fotolar

Qohumları Əli Kərimliyə qarşı etiraza qalxdı - Fotolar
  16 Aprel 2016    Oxunub:12621
Bu gün AXCP sədri Əli Kərimliyə qarşı növbəti etiraz aksiya keçirilib.
AzVision.az-ın məlumatına görə, bu dəfə qohumları Ə.Kərimlinin evinin qarşısına toplaşaraq, onu erməni maraqlarına xidmət etməkdə ittiham ediblər.

Qohumları cəbhədə baş verən hadisələrlə bağlı Ə. Kərimlinin səsləndirdiyi fikirlərə etiraz ediblər. Onlar Ermənistan mətbuatının Ə. Kərimlinin fikirlərinə istinad etməsini pisləyib. Onlar Ə.Kərimlini öz kəndinə qayıtmağa səsləyiblər.

Aksiyada iştirak edən “Azərbaycan fermeri” qəzetinin baş redaktoru, Ə.Kərimlinin əmisi oğlu Nuhəli Kərimov bildirib ki, onlar Saatlı rayonu, Azadkənd kəndindən - Əli Kərimlinin doğma kəndindən gəliblər: “Kərimlilər nəslinin ağsaqqalı kimi görürəm ki, ermənipərəst siyasətə xidmət etdiyi üçün ona qarşı etiraz aksiyaları keçirilir. Bütün bu məsələlər bizi narahat edir. Bizim nəslimiz rayonda hörməti olan nəsildir. Onun hərəkətləri bizim nəslin ünvanına ləkə gətirir. Ona görə də biz - onun qohumları, əmisi uşaqları yığışıb bura gəlmişik ki, Əli Kərimli niyə dövlətimizdəki bu qədər nailiyyətləri, hərbi sahədə qazandığımız uğurları, qələbələri aşağılamaq məqsədilə fəaliyyət göstərir? Ermənilər, xaricdə olan düşmənlərimiz, ermənipərəst qüvvələr beynəlxalq mətbuatda əleyhimizə yazır, həmin fikirləri də Əli Kərimli burada təsdiq edir. Bu məsələlər bizi narahat edir. Əli Kərimli bu siyasətdən əl çəkməlidir".

N.Kərimli deyib ki, dövlətimizi dəstəkləmək lazımdır: "Nə qədər kor olmalısan ki, dövlətimizin uğurlarını, inkişafı görməyəsən. Bütün bu məsələlər bizi narahat etdiyinə görə, qohumlarımla bir yerdə etirazımızı bildirmək üçün bura gəlmişik. Dövlətimiz, xalqımız üçün bir olmaq lazımdır. Respublikamızda əldə olunan ictimai-siyasi sabitliyi, təhlükəsizliyi qorumaq təkcə hökumətin deyil, hər bir azərbaycanlının işidir. Əli Kərimli hazırda respublikamızda sabitliyi pozmaq, anarxiya yaratmaq üçün, öz şəxsi məqsədlərinə görə fəaliyyət göstərir".

Aksiyada “Düşmən baltasına sap olma”, ”Nəslimizin çörəyi sənə haram olsun” kimi şüarlar səsləndirilib.

Aksiya insidentsiz başa çatıb.









Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti