`Sosial evlər yaxın zamanda tikiləcək` - Əli Əhmədov

`Sosial evlər yaxın zamanda tikiləcək` - Əli Əhmədov
  18 Aprel 2016    Oxunub:2719
“Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək”.
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin müavini Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi tanış olarkən deyib. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı müəyyən işlər görülüb:

`Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq`.



Ə. Əhmədov qeyd edib ki, gələn ildən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunması üçün bu il hazırlıq işləri görüləcək.

“Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlanacaq. Bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın” deyən Baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə ev sahibi olmaq imkanı qazanacaq:

“Azərbaycanda evə, mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var”.

AzVision.az


Teqlər:  






Xəbər lenti