Lavrovun İrəvana səfəri nə vəd edir?

Lavrovun İrəvana səfəri nə vəd edir?
  21 Aprel 2016    Oxunub:2765
Məşhur “İzvestiya” nəşrinin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə başlayacaq Dağlıq Qarabağ danışıqları üzrə kompromisə nail olmaq üçün aktiv şəkildə səy göstərəcək.

Mənbənin sözlərinə görə, rus lider hər iki tərəfin siyasətçilərini kompromisin zəruriliyi ilə bağlı şəxsən inandırmağa hazırdır: “Hərbi əməliyyatların dayandırılmasından söhbət getdikdə hər iki tərəf danışıqlar masası arxasına əyləşməyə hazırdır. Lakin dərhal qarşılıqlı iddialar yada düşür və ərazi məsələsi həllolunmaz hala gəlir. Qarşıda çətin danışıqlar var və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün deyil”.

Mənbə hesab edir ki, Rusiyanın nizamlama planı ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlıların yeridilməsi, qaçqınların qaytarılması və Qarabağın legitimləşdirilməsindən (yəni, sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpa olunması) ibarətdir, vəziyyət sakitləşəndə sonra isə regionun kimə mənsub olması haqqında referendum keçirmək təklif olunur.

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun bu günə nəzərdə tutulan İrəvan səfərinin də gündəliyi məhz Qarabağ münaqişəsinin həllinə yönəlib.
Kremlin rəsmi məlumatına əsasən Lavrov səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Lavrovun İrəvana səfəri Dağlıq Qarabağ danışıqlarının aktiv faza keçdiyini göstərir.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Lavrovun İrəvan səfərindən ciddi nəticə gözləmir: “Ciddi nəticə olacağını gözləmirəm. Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki niyətinə inanıram. Hesab edirəm ki, cəhdləri doğrudur və münaqişənin tənzimləmək niyəti var. Ancaq, Putinin bu planının icraçısı olan Lavrovun soyadı Kələntəryandır. Putin erməniləri ağıllandırması üçün üç dəfə onu İrəvana göndərib. O, isə ermənilərin mövqeyni müdafiə edir. Lavrovun erməni mənşəyinə görə İrəvan səfərindən effekt gözləmirəm”.

Ermənistan isə Lavrovun səfəri öncəsi bəyan edib ki, təklif edilən şərtlər maraqları daxilində olmayacağı təqdirdə qəbul olunmayacaq.

Ermənistanın Respublika partiyası fraksiyasından olan deputat Artak Davtyan hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ölkəyə səfəri zamanı Qarabağ münaqişənin nizamlanması üzrə yeni təkliflər müzakirə edilməyəcək, əksinə daha əvvəl gündəmdə olan məsələlər müzakirə ediləcək.

“Hesab edirəm ki, danışıqlar və müzakirələr daha əvvəl gündəmdə olan prinsiplər üzərində aparılacaq. Fikrimcə, yeni təkliflər olmayacaq”, - deyə erməni deputat qeyd edib.

Ümumilikdə, Davtyan şərtlərin Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” üçün uyğun olmadığı halda qəbul edilməyəcəyini bildirib.

Göründüyü kimi, Ermənistan tərəfi yenə qeyri-konstruktiv mövqedən əl çəkmək niyyətində deyil. Bu baxımdan Lavrovun İrəvan səfərində müsbət nəticələrin əldə olunacağı bir o qədər inandırıcı görünmür.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti