Ağdaşı vahiməyə salan hadisə: `Onlar başqa kənddən gəliblər`

Ağdaşı vahiməyə salan hadisə: `Onlar başqa kənddən gəliblər`
  28 İyun 2016    Oxunub:42966
Son günlər Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında qəribə hadisələrin baş verməsi haqda iddialar mətbuatın gündəmini zəbt edib. Günlərdir bu məsələ ətrafında ciddi müzakirələr aparılır. Kənd sakinlərinin qorxu içində olduğu, ərazinin polis əhatəsinə alındığı bildirilir.

Kənd sakini Nurlan Zakirov AzVision.az–a bildirib ki, Qoşaqovaq ərazisində baş verənlər 3-4 nəfər kimliyi bilinməyən şəxs tərəfindən törədilib.

“Kəndimizdə əvvələr belə hadisə baş verməyib. İnsanlar hesab edirlər ki, kənddə naməlum məxluqlar peyda olub. Əslində baş verənlər bir qrup insan tərəfindən həyata keçirilir. Belə ki, bir neçə nəfər hava qaralan kimi kənddə evlərə daxil olur, əllərində fanar yandırırlar. Kənd sakinləri onları görüblər. Deyilənə görə, onlar qara geyimli, hündürboy kişilərdir. Sayları 3-4 nəfər olar. Çox sürətli qaçırlar. Kimsə yaxınlaşmaq istəyən kimi gözdən itirlər. Amma heç kimə zərər yetirməyiblər. Onlar bir neçə dəfə evlərin damlarına daş atırlar. Həmin insanlar kənd sakinləri deyillər, onlar başqa rayondan, bəlkə də başqa kənddən gəliblər.



Yaşlı insanların bildirdiyinə görə, bir neçə il öncə Bərdə belə bir hadisə baş verib. Hadisəni törədən şəxs tutulan zaman özünə Kür çayına atıb.

Ötən gün həmin şəxslər kənd sakinlərinin birinin həyətinə daxil olub. O, əynində olan qara köynəyi həyətyanı sahədə yaddan çıxararaq ərazidən uzaqlaşıb. Hazırda polis həmin köynəyin kimə aid olmasını araşdırır”.

Kənd sakinləri həmin şəxslərin radikal dindar olması haqda deyilənlərə münasibət bildiriblər: “Onlar başqa kəndlərdən gəliblər. Fikrimizcə, bu radikalar dinadarların işi deyil. Çünki kəndimizdə saqqal saxlayan, radikal dindar yoxdur”.



Ağdaşın icra başçısının müavini Aynur Novruzova AzVision.az -a açıqlamasında rayon rəhbərliyinin hadisə ilə əlaqədar kəndə baş çəkdiyini bildirib.

“İcra başçısının birinci müavini Cavid müəllim ötən gün kənddə olub. İnsanların vəziyyəti ilə maraqlanıb və göstərişlərini verib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən kənd nəzarətə götürülüb. İcra başıçı da bu məsələni ciddi nəzarətdə saxlayır. Polis əməkdaşları hadisəni törədən şəxsləri tezliklə müəyyən edəcək. Ağdaşda əvvələr belə bir hadisə baş verməyib. Yəqin ki, bu, kimlərinsə təxribatıdır”.

Əldə etdiyimiz məlumata görə, hazırda bir neçə kənd sakini polis bölməsində dindirilir.

Hafz Əhmədov
AzVision.az


Teqlər:  






Xəbər lenti