İstanbuldakı terrorun arxasında kimlər durur? - ŞƏRH

İstanbuldakı terrorun arxasında kimlər durur? - ŞƏRH
  29 İyun 2016    Oxunub:6172
Ötən gün axşam saatlarında İstanbul Atatürk Hava Limanının beynəlxalq uçuş terminalında terror aktı baş verib. Hadisə nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb. Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı ilə bağlı açıqlamasında bildirb ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.

Türkiyənin Rusiya və İsraillə barışığa getdiyi dövrdə belə bir terrorun baş verməsi nə ilə əlaqədardır? Qanlı olayın arxasında kimlər durur?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az –a bildirib ki, Atatürk Hava Limanında baş verən terror aktı təsadüf deyil. Hadisə Türkiyəni cəzalandırmaq məqsədilə törədilib.

“Türkiyə Rusiya ilə münasibətləri nizamlayan kimi terror hadisəsi baş verdi. Ehtimal edilir ki, terror aktını İŞİD törədib. Türkiyənin İsrail və Rusiya ilə yaxınlaşması İŞİD-i ciddi narahat edir. ÇÜnki İŞİD üçün həm Rusiya, həm də İsrail düşməndir. İŞİD şübhələnir ki, Rusiya və Türkiyə barışsa, bu təşkilata qarşı ortaq əməliyyatlar başlaya bilər. Türkiyənin Rusiyaya verdiyi yol xəritəsində Suriya ilə bağlı xüsusi məqamlar yer alıb.

Hesab edirəm ki, İŞİD buna cavab olaraq bu hadisən törədib. Məqsəd Türkiyəni qorxuya salmaqdır. İŞİD Türkiyəni ürəyindən vurdu. Atatürk Hava Limanı ən ciddi qorunan yerlərdən biridir. Turistlər məhz hava limanı vasitəsi ilə Türkiyəyə gəlir. Bu, İŞİD-in Türkiyənin turizm sektoruna vurduğu zərbə kimi də qiymətləndirilə bilər”.



E.Şahinoğlu bildirib ki, Türkiyə terror aktından dərhal sonra ya tək, ya da müttəfiqləri ilə birlikdə İŞİD-ə qarşı mübarizəni gücləndirməlidir.

“Düşünmürəm ki, hansısa dövlət terror aktından öz məqsədi üçün istifadə etsin. Bu məsələnin üstünün nə vaxtsa açılacağı məlumdur. İŞİD-in imkanları genişdir, müəyyən dövlətlərdə adamları var. İŞİD Fransada, Belçikada oxşar terror aktları törədə bilirsə, qonşu Türkiyədə bunu edə bilməsi təbii qarşılanmalıdır”.

Politoloq, həmçinin hadisənin Türkiyənin Rusiyadan üzr istəməsi ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Hadisə baş verir və dərhal ətrafında şayiələr yayılır. Belə bir iddia cəfəngiyyatdır. Hansı dövlət öz vətəndaşlarının qətliamını əvvəlcədən bildiyi halda bunun qarşısını almaz? Türkiyə öz ağlını o qədərmi itirib ki, vətəndaşlarını qətlə yetirən İŞİD-lə hansısa, əlbir planda olsun. Ola bilsin ki, bu qətliamdan sonra Rusiya-Türkiyə münasibətləri daha da sürətlənsin. Rusiya Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edirdi. Bu halda Rusiyanın ittihamları əsassız çıxdı. Türkiyə bu hadisədən sonra İŞİD-ə qarşı mübarizəni gücləndirməlidir. Necə ki, PKK ötən ilin 22 iyulunda hücumlara başladı və Türkiyə ordusu 8 minə yaxın terrorçunu zərərsizləşdirdi. Ona görə də İŞİD-ə qarşı mübarizə daha da genişləndiriləcək. Ola bilsin ki, Türkiyə hansısa bir koalissiyada iştirak etsin”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti