Lavrov prezidentləri görüşdürmək üçün Bakıya gəlir
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Lavrovun səfərindən asılı olacaq.
Nazir əlavə edib ki, Fransa artıq prezidentlərin görüşünün keçırilməsi üçün yer təklif edib: "Bizim üçün fərqi yoxdur ki, görüş harada keçiriləcək. Əsas odur ki, nəticə olsun".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək. Nazir səfər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək.
İclasda əsas müzakirə mövzusu beynəlxalq terrorçuluqla birgə mübarizə olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az