Deyirlər ki, toy olacaq... Zəngilanda! 30 ildən sonra ilk toy!

// "Orada cənnət yaradılıb. Hamı can atır ki, qayıtsın"

 Deyirlər ki, toy olacaq... Zəngilanda!  30 ildən sonra ilk toy!
  07 Aprel 2022    Oxunub:2404
Gələn ay Zəngilan rayonunun Ağalı kəndində salınmış “Ağıllı kənd”ə 36 ailənin köçürülməsinə dair məlumatlar yayılıb. Ora gedəcək ailələrdən biri işğaldan azad olunmuş torpaqlarda ilk toyu edəcək.
Həmin məcburi köçkün Həbib Nəbiyevdir. 1993-ü ilin oktyabrın 29-da doğma yurdunu tərk edən Həbib Nəbiyev AzVision.az -a müsahibəsində Ağalı kəndinə qayıdacağı günü səbirsizliklə gözlədiyini deyib. Köçən kimi isə nişanlı oğlunun orada toyunu etmək niyyətindədir. Bu toy eyni zamanda onların ailəsində ilk şənlik olacaq.

- Arzumuzdur ki, alınan torpaqlarımızda ilk toyu biz edək. İki övladım var. Böyük oğlum nişanlıdır. Onun toyunu yurdumuzda etmək istəyirəm. Dəqiq tarixi bilmirik. Amma toyumuz Qarabağ adətlərinə uyğun keçiriləcək. Həyat yoldaşım, iki oğlum köçümüzü səbirsizliklə gözləyirlər və İnşallah tez zamanda arzumuzu reallaşdırmaq bizə nəsib olar. Əşyalarımızı hazırlayıb, gözləyirik ki, bizə “qayıdın” desinlər, biz də gedək,- deyən
H.Nəbiyev Ağalı kəndindən çıxdıqları günü bugünkü kimi xatırlayır: "Oktyabrın 29-u canımızı götürüb Araz çayını keçdik. İndi ora toyla qayıtmaq istəyirik. Böyük arzularımız var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin, Prezidentimizə uzun ömür versin. Sevincimiz hədsizdir. Ötən ilin noyabrında Kənd Təsərrüfatı Nazirliyi ilə doğma yurdumuza qayıtdıq. Qoyub gəldiyimiz evimizdən əsər-əlamət yox idi. Amma indi orada cənnət yaradılıb. Hamı can atır ki, qayıtsın".



H.Nəbiyevin həyat yoldaşı Bahar Səmədova da doğma elinə qayıdacağı günü səbirsizliklə gözləyir: "O zaman kənddən canımızı götürüb çıxmışdıq. Həmin vaxtı Həbiblə nişanlı idik. Toyumuz Bakıda 1995-ci ildə oldu. İki övladım burada dünyaya göz açdı. Keçən ilin iyun ayında dövlət xəttilə Zəngilana getdim. Hələ də şokdan ayılmamışam. Uşaqlıq və gənclik xatirəmlərimdən bir iz də qalmayıb. 30 il əvvəl Ağalı kəndindən çıxanda yanımızda olan böyüklərdən, o nəsildən bir nəfər də yoxdur. 22 yaşımda çıxmışam, indi 52 yaşında qayıdıram. İndi sevinirəm. Böyük oğlum Kənan hamıdan çox yurdumuza can atır.


Balaca oğlum Kamran nişanlıdır. Atası deyirdi ki, “sənin toyunu kənddə edəcəyəm”. Söhbətdən, heç bir-iki ay keçməmişdi, dedilər ki, kəndiniz alındı. Onda dedim ki, Həbib, arzuların yerinə yetdi. Oğlumuz hələ də deyir ki, “ata, bəs nə oldu, toy etmirsən?”
Kədimizin gözəl toy adətləri var idi. Bir ay öncədən toya hazırlaşırdıq, dəvətnamələr paylanılırdı. Yaşlı qadınlar, gəlinlər yığılıb sacda yuxa bişirirdilər, evlərə şirinlik paylanılırdı. 3 gün toy olurdu. Toyu çadırda edirdik. İndi gedəcəyik, bilmirəm orada vəziyyət necə olacaq. Amma çalışacağıq ki, adətlərimizə uyğun toy edək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti