`Azərbaycan üçün darıxacağam` - İran səfiri

`Azərbaycan üçün darıxacağam` - İran səfiri
  19 Sentyabr 2016    Oxunub:2030
“Mən indiyə qədər üç ölkədə səfir olmuşam və hər dəfə diplomatik missiyam başa çatdıqdan sonra bu ölkələr barədə kitablar yazmışam. Düşünürəm ki, Azərbaycandan getdikdən bir qədər sonra burada gördüklərim barədə kitab yazacağam”.
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin diplomatik fəaliyyətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan haqqında yazacağı kitab digərlərindən fərqlənəcək: “Mən sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyəm. Səfir olduğum müddətdə yalnız öz ölkəmin mənafeyini düşünməmişəm. Çalışdım ki, Azərbaycan tərəfinin də mənafeyi gözlənilsin. Düşünürəm ki, bizim münasibətlərimiz yalnız irəli gedəcək. Mən özümü Azərbaycanda qərib hiss etməmişəm. Ölkəmə qayıdandan sonra Azərbaycan üçün, xalqı üçün darıxacağam. Azərbaycanla bağlı xatirələrimi yazacağam. Heç vaxt Azərbaycanda özümü qəribçilikdə hiss etməmişəm. İrana qayıtdıqdan sonra isə ən çox Bibiheybət ziyarətgahı üçün darıxacağam. Azərbaycanda mənə verilən ən çox hədiyyələr arasında üstünlüyü stəkan və nəlbəkilər təşkil edir. O cümlədən mənə tez-tez samovar və mürəbbə qabı da hədiyyə edirlər. Düşünürəm ki, bu hədiyyələrə baxdıqca Azərbaycanı xatırlayacağam”.

Səfir qeyd edib ki, Azərbaycana gələndə iki ölkə arasında münasibətlər indiki səviyyədə olmayıb: "Bəzən müəyyən anlaşılmazlıq yaranırdı. Mən səfir olduğum müddətdə iki ölkə arasında qarşılıqlı etimad yarada bildik. Bu gün iki ölkə arasında münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Mən səfir olduğum müddətdə prezidentlərin qarşılıqlı səfərləri həyata keçirilib, iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, aviareyslərin sayı artıb. Yaxın zamanlarda isə Naxçıvan-Məşhəd qatarı işə düşəcək. Sevinirəm ki, səfir olduğum müddətdə bu əlaqələrin genişlənməsində rolum və payım olub”.

İkitərəfli əlaqələrin inkişafında medianın xüsusi rolunu vurğulayan M. Pakayin yeni səfir Cavad Cahangirzadənin çox təcrübəli diplomat olduğunu vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti