Çində erməni təxribatının qarşısı alındı

Çində erməni təxribatının qarşısı alındı
  20 Sentyabr 2016    Oxunub:1765
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb.
Xarici ölkələrdə ictimai fikrin çaşdırılması istiqamətində vaxtaşırı müəyyən işlər görməyə çalışan ermənilər bu dəfə Çində belə bir addım atmağa cəhd ediblər. Belə ki, Şanxay şəhərindəki Şərqi Çin Pedaqoji Universitetində Rusiya Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Xristianlığın əsasları” adlı seminarın proqramına “İnanc və ənənə: Erməni Apostol kilsəsi, Ermənistanda və Dağlıq Qarabağda icma quruculuğu” mövzusunda mühazirə daxil edilmişdi. Tədbirin proqramına əsasən həmin mühazirəni Yaponiyadan dəvət olunmuş mütəxəssis Kimitaka Matsuzato və erməni əsilli lektor Stefan Danielyanın aparması nəzərdə tutulurdu.

Şanxay şəhərində yaşayan və elmi işlə məşğul olan soydaşlarımız məsələ barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırdıqdan sonra diplomatik nümayəndəliyimiz universitetin rektoruna məktub ünvanlayaraq mövzu ilə bağlı ətraflı məlumat verib, məsələnin mahiyyətinin yüksək dini amalların təbliğinə deyil, ermənilərin qanunsuz ərazi iddialarına söykəndiyini qeyd edib.

Tədbirin keçirilməsinin Azərbaycan-Çin ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmədiyi nəzərə çatdırılıb və həmin mühazirənin seminarın proqramından çıxarılması xahiş edilib. Bundan başqa, erməni kilsəsinin Qafqazdakı fəaliyyətinin tarixi ilə bağlı tutarlı, təkzibedilməz sənədlər universitet rəhbərliyinə təqdim olunub.

Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi məsələnin mahiyyətini öyrəndikdən sonra sözügedən mühazirəni tədbirin proqramından çıxarmağı qərara alıb. Bununla əlaqədar, universitet rektorunun Azərbaycan səfirliyinə göndərdiyi məktubda həmin mövzunun başqa mövzu ilə əvəz olunduğu bildirilib və səfirliyə əməkdaşlıq üçün təşəkkür edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti