Gürcüstan seçki ərəfəsində: Havada böhran qoxusu var – TƏHLİL

Gürcüstan seçki ərəfəsində: Havada böhran qoxusu var – TƏHLİL
  20 Sentyabr 2016    Oxunub:11841
Gürcüstanda əvvəlki illərə nisbətən sakit keçən seçki kampaniyasının səssizliyini bu ayın əvvəlində rəqib partiyaların nümayəndələri arasında baş vermiş bir neçə insident pozdu. Bununla da oktyabrın 8-də baş tutacaq parlament seçkiləri dünya mediyasının diqqətini çəkdi.

Qalmaqal əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərdə əsas rəqib olan gürcü əsilli rusiyalı milyarder Bidzina İvanişvillinin qurduğu hakim “Gürcü arzusu” partiyasının nümayəndələrilə sabiq prezident, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvillinin banisi olduğu “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri arasında baş verdi. İnsidentdən sonra hər iki partiya bir-birini səsvermə ərəfəsində ölkədə gərginlik yaratmaq niyyətində olmaqda suçladı. Prezident Marqvelaşvilli isə bütün siyasi qüvvələri sabitliyə riayət etməyə və sülh şəraitində qarşılıqlı fəaliyyət haqqında memaranduma qoşulmağa səslədi.

Bu ilin 8 oktyabr tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 64 partiya müraciət edib və onlardan 45-i rəsmi qeydiyyatdan keçib. Qeyd edək ki, Gürcüstan parlamenti bir palatalı və 150 deputat yerlik qanunverici orqandır. Bunlardan 77-si proporsional qaydada partiya siyahılarıyla, 73-ü isə majoritar qaydada yerlərdən namizədlərin seçilməsiylə deputat mandatına sahib olurlar.

Hazırda Gürcüstanın siyasi səhnəsində iki əsas qarşıduran qütb - Saakaşvillinin “Milli Hərəkat”ı və İvanişvillinin “Gürcü Arzusu” mövcuddur. Digər siyasi partiyalar bu qütblərin ətrafında dönən müxtəlif ölçülü, fərqli məsafədə olan peyklərdir. Bu siyasi formasiyanı Amerikada artıq oturuşmuş ikipartiyalı sistemin gürcüsayağı interpretasiyası da adlandırmaq olar. Ümumi götürdükdə, Gürcüstan dövlətinin əsas siyasi prioritetlərinə münasibətdə bu iki qütbün yanaşmaları arasında radikal fərq mövcud deyil. Fərq ondan ibarətdir ki, Saakaşvillinin tərəfdarları Rusiya ilə hesablaşmadan Avropa institutlarına inteqrasiyaya can atır, İvanişvilli tərəfdarları isə Rusiya ilə hesablaşmaq istədikləri görüntüsü yaradaraq Qərbə inteqrasiyanı dəstəkləyirlər.

Əslində hazırki siyasi sistem elə Saakaşvillinin əməyinin nəticəsidir və belə bir təəssürat yaranır ki, süni yolla nəzarətdə saxlanıla bilən demokratiya yaradılıb. Çünki, İvanişvilli özü də bir vaxtlar Saakaşvillinin partiyasının fəal üzvlərindən biri və əsas maliyyə dəstəkçisi olub.

Gürcüstanda keçirilən son sorğuların nəticələri onu göstərir ki, “Gürcü arzusu” ilə “Milli Hərəkat”ı təxminən eyni səviyyədə - 30 faiz seçici səsinə sahibdirlər. Bu göstərici təbii ki, heç bir partiyaya parlamentdə mütləq üstünlük qazanmağa imkan vermir və hökumətin formalaşmasında xırda partiyaların koalisiyasından istifadə olunmaqla yanaşı, majoritar qaydada seçiləcək, bir çox hallarda müstəqil namizədlərin dəstəyindən da faydalanacaqlar.



Gürcüstan siyasi səhnəsi üçün xarakterik olan digər bir cəhət isə siyasi legionerlərin populyarlığı və partiyaların belə legionerləri öz tərəflərinə çəkməyə çalışmasıdır. Bunlar əsasən xaricdə müxtəlif sahələrdə uğura imza atmış gürcülərdir ki, vətənə qayıtdıqdan sonra fəal şəkildə siyasətə qoşulurlar. Bu mənada, İvanişvillinin arsenalında Kaxa Kaledze kimi məşhur keçmiş futbolçu, Saakaşvillinin arsenalında isə, dünyaca məşhur opera müğənnisi Paata Burçuladze var. Kaladzedən fərqli olaraq, Burçuladze özünə “Xalq üçün dövlət” adlı partiya yaratsa da, bu, ümumi işə xələl yetirmir, əksinə daha çox xeyrinədir.

Saakaşvilliyə loyallığı ilə seçilən və parlamentə düşmək üçün 5 faizlik səddi aşmaq iqtidarında olan digər “peyk” partiya isə sabiq müdafiə naziri İrakli Alasaniyanın yaratdığı “Azad demokratlar” partiyasıdır. Saakaşvilli özü xarici ölkə vətəndaşlığını qəbul etdiyi və vətənində ona qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” ittihamı ilə cinayət işi başlandığına görə seçkilərdə iştirak edə bilməsə də, onun həyat yoldaşı, Gürcüstan vətəndaşlığını qəbul etmiş Sandra Rulofs “Milli Hərəkat”ın əsas namizədlərindən biridir. Ekspertlər sabiq birinci xanımın parlamentə düşmə şanslarının çox olduğunu bildirir, hətta Rulofsu Gürcüstanın gələcək Hillari Klintonu adlandırırlar.

Saakaşvillidən fərqli olaraq, İvanişvillinin seçki kampaniyasına qatılması və fəal iştirakı “Gürcü arzusu”nun şanslarını artıran amil kimi vurğulanmalıdır.

Gürcüstan siyasətində qütblərdən kənar düşmüş istisna hal kimi sabiq parlament sədri Nino Burcanadze və onun “Demokratik hərəkat” partiyasını göstərmək olar. Hazırda fəal olaraq Rusiyanın mövqeyini dəstəkləyən Nino Burcanadzenin seçkilərdə ciddi uğura imza atacağı gözlənilmir və 5 faizlik səddin aşılaraq parlamentə keçməsi onun partiyası üçün kifayət qədər uğurlu nəticədir.

Budəfəki seçki marafonunda diqqətçəkən əsas məqamlardan biri isə, əhali arasında siyasi fəallığın aşağı olmasıdır. Sorğular göstərir ki, respondentlərin təxminən 20 faizə qədəri hansı siyasi qüvvəni dəstəkləyəcəkləri ilə bağlı qəti qərara gəlməyiblər. Buna səbəb kimi siyasi arenada olan qüvvələrin heç birinin əhalinin gözləntilərinə cavab verməməsi göstərilir. Bu, əsasən Saakaşvilli hakimiyyətinindən incik düşərək İvanişvilli komandasına etimad göstərmiş, lakin bu siyasi qüvvənin də onların ümidlərini doğrultmadığını görən seçici kəsimidir. Onlar hazırda pis ilə daha pis arasında seçim etmək məcburiyyətində qalıblar.

Bundan əlavə siyasi səhnədə parlaq siyasi liderin olmaması, ümumi dünya iqtisadi böhranı fonunda Qərbə inteqrasiyanın cazibədarlığının itməsi kimi səbəblər də siyasi fəallığın azalmasına gətirib çıxarıb. Seçici fəallığının aşağı olması, heç bir siyasi qüvvənin əhalinin əksər kəsiminin tələbinə uyğun olmaması siyasi böhran, hətta siyasi boykot və inqilabi vəziyyətin yaranması ilə nəticələnə bilər.

Bu vəziyyət onu göstərir ki, Gürcüstan cəmiyyəti hələ də ikipartiyalı siyasi sistemə hazır deyil və yeni siyasi qüvvənin ortaya çıxmasına ehtiyac var. Həmçinin, keçən müddət ərzində həm İvanişvilli, həm də Saakaşvilli cəbhəsində bazar iqtisadiyyatı dili ilə dəsək, istehsal olunaraq cəmiyyətin istismarına verilmiş siyasi liderlər cəmiyyətin tələbini ödəmirlər.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti