Dövlət qurumları idxal malları almayacaq: Bu, bizə nə verir? - TƏHLİL

Dövlət qurumları idxal malları almayacaq: Bu, bizə nə verir? - TƏHLİL
  21 Sentyabr 2016    Oxunub:4072
Dövlət başçımızın bu ayın 15-də imzaladığı icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqda fərmanın məğzini geniş izah etmək üçün öncə, yanvarın 26-da ölkə Prezidentinin sədrliyilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına həsr olunan konfransı xatırlamaq lazımdır.

Həmin konfrasda Prezident yekun çıxışında sözarası sual etmişdi ki, bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? "Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun",- deyə, dövlət başçısı qeyd etmişdi.

Prezident əlavə etmişdi ki, buna son qoyulmalıdır və bütün dövlət məmurlarının kabinetlərində yerli mebellər olmalıdır. "Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər",- deyə, dövlət başçımız bəyan etmişdi.

Həqiqətən də bu, təkcə mebel məsələsində belə deyil. Məsələ ondadır ki, büdcədən maliyyələşən bütün idarə və təşkilatlara digər mal və materiallar alınanda da xarici istehsala üstünlük verilir. Əgər söhbət özəl müəssisə, idarə və təşkilatlardan getsə idi, dərd yarıydı. Bu, o deməkdir ki, bizdə büdcə vəsaitləri də birbaşa və yaxud dolayı olaraq, məhz xarici istehsalı dəstəkləyir. Özü də bilavasitə dövlət və hökumət qurumlarının xəttilə...

Yeri gəlmişkən, adi banklar tərəfindən istehlak kreditləri sağa-sola paylandığı zaman da yazırdıq ki, bu və ya digər bankdan alınan kredit əgər, daxili istehlak bazarından xarici mal alınmasına sərf olunursa, demək, bundan yerli deyil, sırf ölkədən kənar istehsal dəstəklənir və stimul əldə edir. Odur ki, bu cür kreditləşdirmənin ölkə iqtisadiyyatına səmərəsindən heç bir söhbət gedə bilməz. Bu, yalnız idxalı stimullaşdırır.

Üstəlik, məlumdur ki, hazırda dövlətimizin maliyyə imkanları da əvvəlki kimi deyil. Neftin qiymətinin 2 dəfədən çox enməsiylə əlaqədar, maliyyə vəsaitlərinə qənaət etmək məcburiyyəti yaranıb ki, dövlət investisiya xərcləri də azaldılıb. Bir sözlə, bütün istiqamətlərdə maliyyə vəsaitlərinin xərclənməsində səmərəliliyi artırmaq bir nömrəli vəzifə olaraq qarşıya məqsəd qoyulub.

Həm bu, həm də digər məsələləri həll etmək və nizama salmaq məqsədilə icra hakimiyyəti orqanları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətlərində satınalmaların səmərəliliyini artırmaqla bağlı əlavə tədbirlər haqda sözügedən fərman imzalanmış və buna uyğun olaraq da müvafiq addımlar atılacaq.

Təsadüfi deyil ki, adı çəkilən sənəddə də qeyd olunub ki, icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq əsas qayə hesab edilir.

Beləliklə də, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması 2018-ci ilin yanvarın 1-i tarixinədək dayandırılacaq. Bu, həmin vaxt çatdıqda uzadıla da bilər, uzadılmaya da...

Bundan əlavə, məsələ heç də tam qətiyyətli şəkildə ortaya qoyulmayıb. Yəni, müvafiq istisnalar var. Belə ki, nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması mümkün olacaq. Sadəcə olaraq, bu barədə qərarı dövlət başçısı ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.

O cümlədən, fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması üzrə də zərurət yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına məhz eyni qaydada razılıq veriləcək.

Yəni göründüyü kimi, başlıca məqsəd dövlət vəsaitlərindən istifadəni səmərəli təşkil etməyə nail olmaqdır. Belə ki, həm xarici istehsala məxsus malların alınması məhdudlaşacaq, həm də yerli istehsal öz məhsullarını kokret realizə imkanları əldə edəcək. Bu, çox müsbət cəhətdir. Yəni, burada heç bir mənfi haldan söhbət gedə bilməz. Əslində, bunu neft qiymətlərinin "bum" dövründə də tədbiq etmək olardı və lazım idi.

Ümumiyyətlə, İqtisadiyyat ilə Maliyyə Nazirliklərinin birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsaitlər barədə hər 3 ayda bir dəfə ölkə Prezidentinə məlumat vermələri hətta qeyri-postneft dövründə də həyata keçirilməli idi.

İndiki dövrdə isə daxili valyuta bazarına da bunun xeyri var. Belə ki, ölkədən kənara xarici valyuta axını üzrə kiçik də olsa, bir kanal bağlanacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti