Məmmədyarov BMT-də görüşlər keçirib

Məmmədyarov BMT-də görüşlər keçirib
  22 Sentyabr 2016    Oxunub:1267
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci Sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. Nazir ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq, sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.

S.Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Bundan başqa Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğuladılar.

Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti