Fransadakı səfirliyimiz referenduma hazırdır
Fransada yaşayan vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahatlar verilib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Fransanın müxtəlif bölgələrində təhsil alan tələbələr də bu işlərə cəlb edilib. Referendumla bağlı bütün məlumatlar, eyni zamanda, səfirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Parisdə Mədəniyyət Mərkəzində təşkil olunan məntəqə seçki komissiyası sentyabrın 26-da keçiriləcək referenduma artıq hazırdır. Məntəqədə səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Seçki Məcəlləsinə uyğun olaraq, xarici ölkələrdəki diplomatik missiyaların əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri ilə yanaşı, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakı mümkündür.
AzVision.az