İnfliyasiyaya səbəb nədir? - TƏHLİL

İnfliyasiyaya səbəb nədir? - TƏHLİL
  28 Sentyabr 2016    Oxunub:9341
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, onu həm əhali, həm biznes, həm də dövlət üçün məqbul səviyyədə saxlamaqdır.

“Dünyada da biz gördük ki, avro-dollar məzənnəsində 30 faizlik fərq yarandı, sonradan kurs sabitləşdi. Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır... Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir” - deyə, o bildirib.

Ölkədə inflyasiyanın 11 faiz səviyyəsində olduğunu nəzərə çatdıran baş bankir onu da əlavə edib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir.

Bəs, bu, nə ilə əlaqədardır və inflyasiya ilə bağlı ölkədə yaranmış real vəziyyətin əsas kökləri əslində, nədən ibarətdir?

2016-cı ilin yanvar-avqust aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,9 faiz artıb.

AMB sədrinin inflyasiyanın ikirəqəmli olduğuna dair ifadə etdiyi narahatlıq əslində manatın dəyərinin, sırf tədiyyə balansında artıq xeyli müddətdir yaranmış və bir qədər də dərinləşmiş mənfi saldo ilə əlaqədar vəziyyətin bilavasitə təsiri və təzyiqi nəticəsində ucuzlaşması ilə bağlıdır. Məlumdur ki, xüsusən də, yayın son 2 ayı ərzində valyuta bazarında manat daha çox təzyiqə məruz qaldı. Yəni, bu əslində, idxal hesabına əldə olunan inflyasiyadır.

Yeri gəlmişkən, tədiyyə balansı əsasən 3 hissədən ibarətdir: cari əməliyyatlardan, kapitalın və maliyyənin hərəkət balansından, ehtiyat aktivlərdən. Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu göstərir.

Bəziləri tədiyyə balansı dedikdə məhz ümumi yekunu - balanslaşdırıcı maddələr göstəricisini əsas götürür. Hansı ki, real makroiqtisadi mənzərəni qiymətləndirmək üçün bu, tamamilə yanlış və olduqca səhv yanaşmadır.. Məsələn, təkcə bir faktı nəzərə çatdırım ki, tədiyyə balansının ümumi vəziyyəti makroiqtisadi göstərici kimi heç bir təsiredici xüsusiyyət kəsb etmir. Xarici investisiya manatın məzənnəsinə dərhal təsir göstərə bilmədiyi və yaxud da ölkə daxilindən hər hansı bir şirkətin xarici ölkəyə qoyduğu investisiyada da olduğu kimi.

Odur ki, tədqiqatlarda da əsasən, cari hesablar balansından istifadə edilir. 2016-cı ilin yanvar-iyun ayları üçün isə Azərbaycan Respublikasının tədiyə balansı üzrə cari əməliyyatlarda mənfi 801,9 milyon dollar məbləğində saldo mövcuddur.

Başqa cəhətlər baxımından isə, ölkədə istehlak qiymətlərinin yüksəlməsi üçün faktiki heç bir zəmin yoxdur. Belə ki, nə əhalinin alıcılıq qabiliyyətində dəyişiklik mövcud deyil, nə dövlət büdcəsi xərclərində, nə investisya həcmində, nə də ki, işgüzar aktivlik sahəsində.

Lakin dövriyyədə izafi manat kütləsinin mövcud olduğu faktı isə sirr deyil. Təəssüf ki, bu problemi AMB-nin keçirdiyi depozit hərracları da yoluna qoya bilmir. Bu da bilavasitə bank sektorunda yaranmış vəziyyətlə, xüsusən də sistem əhəmiyyətli bankların mövcud problemlərinin həllinin tədricən yoluna qoyulması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədardır.

Odur ki, hesab edirəm, inflyasiyanın hazırki səviyyəsi əslində uzunmüddətli xarakter kəsb etmir və bu sahədə müşahidə edilən hazırki ikirəqəmli hədd də dayanıqlı sayılmamalıdır.

Lakin nəzərə almaq vacibdir ki, tədiyyə balansının manatın məzənnəsinə təsiri məsələsi ciddi əhəmiyyət daşıyır və devalvasiya amilinin özünü də məhz onun cari əməliyyatlar hissəsi, yəni buradakı mövcud vəziyyət şərtləndirir. Bu mənada təbii ki, cari ilin 1-ci 6 ayı üçün cari hesablar balansında 801,9 milyon dollar məbləğində mənfi saldo ürəkaçan rəqəm deyil. Düzdür, manatın dəyərinin kəskin ucuzlaşması üçün hələki “katastrafik” təsir əhəmiyyətində olmasa da.

Yeri gəlmişkən, E.Rüstəmov da bəyan edib ki, inflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılıdır və bu da bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlər üzrə müvəffəqiyyətinə bağlı olacaq. “Biz 9 ayın nəticələrini gözləyirik... Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik... Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”,– baş bankir söyləyib.

Bununla belə, manatın dəyərinə idxal faktorunun təsiri məhdudlaşdırılmasa ikirəqəmli inflyasiya aradan qalxmaya da bilər. Bunun üçün isə başlıca vəzifə tədiyyə balansında yaranmış qeyd olunan mövcud disbalansın təcili olaraq cilovlanması təşkil etməli və əsas hədəf də məhz bundan ibarət olmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti