İtaliyanın baş naziri Azərbaycana səfər edib

İtaliyanın baş naziri Azərbaycana səfər edib
  11 Avqust 2013    Oxunub:1422
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanının ali qonaqlar üçün salonunda İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar və digər sahələrdə uğurla inkişafından dərin məmnunluq ifadə olunub. Əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edilib və əməkdaşlığımızın möhkəmlənəcəyinə əminlik bildirilib.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti