Azərbaycanı hədəfə alan `Azadlıq`: bu pullar haradan gəlir?

Azərbaycanı hədəfə alan `Azadlıq`: bu pullar haradan gəlir?
  01 Oktyabr 2016    Oxunub:16414
"İqtisadiyyatın bütün sahələrində, habelə cəmiyyətin istisnasız olaraq bütün seqmentlərində maliyyə şəffaflığının təminatı önəmli məsələlərdən biridir. Kütləvi informasiya vasitələrinin müstəqilliyi də onların maliyyə qaynaqlarının aşkarlığına əsaslanmalıdır. Media vasitəsinin maliyyə mənbələri şübhə doğurursa, onun obyektivliyi və qərəzsizliyi də sual altındadır".
ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzdindəki Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı keçirilmiş dinləmələrdə səslənən ifadələr arasında bu sözlər də yer alırdı.

O kəlmələr ki, onların "əqli mülkiyyət" hüququ ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Azərbaycanın kütləvi informasiya vasitələrində diplomat, siyasətçi kimi təqdim olunan Riçard Kozlariçə məxsusdur.



R.Kozlariç "Azadlıq" radiostansiyasının Bakı ofisinin möhürlənməsindən və radionun Azərbaycan xidmətinin ölkədə əvvəlcə orta, sonra da ultraqısa dalğalı yayıma çıxmaq hüququndan məhrum edilməsindən bəri "Azadlığ"ın hüquqlarının ən aktiv müdafiəçilərindən biri kimi tanınır.

R.Kozlariçin sözlərinə görə, Azərbaycanda "Azadlıq" radiosunun efirdə fəaliyyətinə xitam verilməsi" söz və fikir azadlığına, demokratiyaya zərbə"dir.

"Azadlıq" R.Kozlariçi "tanınmış siyasətçi, məşhur diplomat, Birləşmiş Ştatların Bakıdakı səfiri" qismində tanıdıb və indi də tanıtmaqdadır.



Amma "Azadlıq"dan danışanda bəhs edəndə "Azadlıq" bilərəkdən bir sıra məqamlara toxunmurlar, həmin nüansları aşkarlamırlar və əslində, aşkarlamaq da istəmirlər.

Eynən ABŞ-ın bütün diplomatları və siyasətçiləri, xüsusilə də Azərbaycana "insan haqları və vətəndaş azadlıqları" refreni ilə təzyiq göstərməyə çalışan bütün başqa şəxslər təki.

Çünki o nüanslar aşkarlanarsa, Birləşmiş Ştatlardakı konqresmenlər, senatorlar, diplomatlarla yanaşı, bir sıra dövlət qurumlarının və rəsmi strukturların ölkəmizə qarşı olduqca çirkin, yaramaz fəaliyyətdə olduqları aşkarlanar.

Kozlariçin görünməyən tərəfi

1964-cü ildə Black Hawk College-inin incəsənət fakültəsini başa vurmuş R.Kozlariç Valparasio, İndiana və Miçiqan universitetlərinin diplomlarına malikdir.

1993-1994-cü illərdə ABŞ Dövlət Departamentindəə MDB ölkələri üzrə xüsusi nümayəndənin müavini vəzifəsində çalışmış R.Kozlariç 1994-1997-ci illərdə Azərbaycanda səfir çalışandan sonra Vaşinqtonu 1997-1999-cu illərdə Bosniya və Hersoqovinada təmsil edib.



Dövlət Departamentində 32 illik karyerasından sonra o, ABŞ Sülh İnstitutunda (United States Institute of Peace) Müsəlman Ölkələri Üzrə xüsusi Təşəbbüslər Proqramının direktoru təyin edilib.

Göründüyü kimi, ilk baxışdan yetərincə sivil karyera yoludur, diplomatın "şərəfli fəaliyyətdən sonra elmlə məşğul olmasıdır" (ifadə R.Kozlariçin özünə məxsusdur).

Bir gerçək də var: Riçard Kozlariç 2003-cü ilin sentyabrında ABŞ-ın Milli Kəşfiyyat Şurasında (National Intelligence Council) işə başlayıb. O, NİC-in Avropa üzrə proqramlarına başçılıq edir və postsovet ölkələri, o cümlədən də Azərbaycanda "demokratik təşəbbüslərə dəstək"lə məşğuldur.

Hər şeyi olduğu kimi desək, Riçard Kozlariç postsovet məkanı ölkələri arasında "xarici və daxili siyasətlərini ABŞ-ın maraqları ilə uzlaşdırmayan", yəni Vaşinqtonun əmrlərinə tabe olub göstərişlərini yerinə yetirməyən, amerikalıların marionetkası olmaq istəməyən ölkələrdə iqtidarları devirməyə, hakimiyyət dəyişikliklərinə nail olmağa yönəlmiş fəaliyyətlə məşğul olan qrupun ən fəal üzvlərindən biridir.

Üstəlik, NİC-də proqram direktorlarının və departament rəhbərlərinin istisnasız olaraq hamısının ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliynin (CİA) "təsir fiqurları" rolunu yerinə yetirdiklərini də xatırlasaq, Riçard Kozlariçin "şəffaflıq, transparentlik və demokratiya"dan danışması elə bu kəlmələrin özünə istehzadır.

RFE/RL (Azad Avropa Radiosu/Azadlıq Radiosu) Azərbaycan Xidmətinin Bakı ofisi 2014-cü ilin dekabrın 26-da möhürlənib.



Strukturun külli miqdarda maliyyə vəsaitini vergilərdən yayındırması və qanunsuz maliyyə fəaliyyəti ilə məşğul olması da təsdiqlənib.

Di gəl ki, "Azadlıq" Radiosunun Azərbaycan xidmətinin saytı fəaliyyətdədir, çalışır, reportajlar, xəbərlər və yazılar dərc edir.

Ola bilər ki, RFE-RL-in rəhbərliyi, bu strukturu dəstəkləyən konqresmenlər və senatorlar, habelə "sabiq diplomat" təki təqdim edilən, əslindəsə ABŞ-ın kəşfiyyat strukturlarında çalışan şəxslər, o cümlədən Riçard Kozlariç "orada işləyənlər könüllülərdir, pul almırlar, onlara maliyyə ödənmir" desinlər və çox yəqin ki, belə də söyləyəcəklər.

Lakin belə deyil.

Riçard Kozlariçi xatırlamağımız da təsadüfi deyil. Məhz bu şəxs hazırda "Azadlıq" radiosunun Azərbaycan xidmətinin qeyri-rəsmi, "kölgə" kuratoru sayılır və fəaliyyəti tənzimləyir.

"Azadlıq" informasiya vasitəsi yox, silahdır

Bu sözlər təşbeh yox, amerikalı diplomatların ifadəsidir.

Hələ 1947-ci ildə ABŞ-ın Qərbi Avropadakı işğal qoşunlarının baş komandanı general Lüsius Kley demişdi: "Bizə başqa səs lazımdır. O səs ki, zahirən dövlətin tənzimlədiyi səs təsiri bağışlamasın, amma sərt, qəddar, ölümcül zərbə vuran bir səs... amansız, heç nə ilə məhdudlaşdırılmayan psixoloji savaş aparacaq bir səs".

Kleyi general Duayt Eyzenhauer də dəstəkləmiş, "heç bir rəsmi məhdudiyyət olmadan xarici ölkələrdə ABŞ-ın maraqlarını təmin etməyə yönəlmiş güclü radiostansiyanın yaradılmasına zərurət olduğunu" vurğulamışdı.



Beləcə, 1950-ci ilin iyulun 4-də "Azad Avropa" radiosu yaradıldı və az sonra RFE/RL (Azad Avropa Radiosu/Azadlıq Radiosu) oldu.

Radiostansiya "tam azad və müstəqil" olduğunu israrla vurğulasa da, ABŞ Konqresinin bir strukturu olan Yayım Məsələləri üzrə İdarəçilər Şurası (Broadcasting Board of Governors, BBG) tərəfindən maliyyələşdirilir.

O pullar kimə, necə ödənir?

Mərkəzi ofisi Praqada yerləşən RFE/RL-in ştatında 500 jurnalist var, 750 juurnalist isə radio üçün frilanser kimi çalışır.

"Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinin ölkəmizdəki əməkdaşları da birmənalı olaraq frilanserlər sayıla bilərlər, çünki bu radionun işinə, az öncə bəhs etdyimiz kimi, xitam verildiyindən onların rəsmi olaraq işləmələri qanun çərçivəsində mümkün deyil.

Belədə, fəaliyyət qanunsuzluq müstəvisinin həddində ləngər vurur və bəlkə də o müstəviyə çoxdan keçib.

2014-cü ildən bəri "Azadlıq" radiosunun Bakıda ofisi yoxdur və əməkdaşlar, özləri dedikləri kimi, "evdən işləyirlər".

Üstəlik, radionun "Qaynar Xətt"i də fəaliyyət göstərir və saytda yer alan materiallardakı iddialara nəzər salsaq, bu "Xətt"in (050) 436 77 41 saylı telefonuna zəng edən vətəndaşlar da var.



Radionun Azərbaycan xidmətinin fəaliyyətindəki zahiri "paradoks"lardan biri də "əlaqə üçün" WhatsApp nömrəsidir. Həmin nömrə "​+420 778 711 700"dir və beynəlxalq telefon kodu da Çexiyanın paytaxtı Praqaya məxsusdur. Daha dəqiq olsaq, bu telefon nömrəsi RFE/RL-in Praqadakı mərkəzi ofisinindir.

Praqa ofisi "Azadlıq" radiosunun Azərbaycandakı fəaliyyətinə, təbii ki, tam nəzarət edir, jurnalistlərə maaşlar, frilanserlərə isə qonorarlar ödəyir.

Amma necə, qanuni yollarla?! Çətin, çünki ödənişlər qanun çərçivəsində olsaydı, maliyyə vəsaitlərinin yerdəyişiməsinə görə vergilər ödənərdi.

Lakin 2014-cü ilin dekabrın 26-dan bəri "Azadlıq" radiosunun Bakı ofisi Azərbaycanda bir qəpik (!) də vergi ödəməyib və əslində, ödəmək niyyətində də deyil.

"Azadlıq"ın ödənişləri artıq iki ildir ki, Azərbaycanın mövcud qanunvericiliyində nəzərdə tutulmuş şərtlərin pozulması ilə, faktiki olaraq "kölgə iqtisadiyyatı" qanunları ilə reallaşdırılır.

Həmin məbləğlərin həcmi, ödənişlərin tarixləri və ünvanlandığı şəxslər barədə heç bir rəsmi məlumat açıqlanmadığından, pulların hazırda "Azadlıq" radiosunun Azərbaycan xidmətində çalışanlara ya nağd yolla, ya da maliyyəçilərin "peyk hesablar" - yəni pulu alan şəxsin adına açılmış fərdi hesaba, yaxud əksər hallarda üçüncü şəxsin adına olan hesaba ödənməsi - vasitəsi ilə gerçəkləşdirildiyini də ehtimal etmək olar.

Belə "partizan fəaliyyət" qanuna zidd olduğundan, "Azadlıq" radiosunun Azərbaycan xidmətinin vətəndaş hüquqları, insan haqları və qanunların aliliyindən sürəkli bəhs etməsi ironiya təsiri bağışlayır.



... "Azadlığ"ın saytının ən "sevimli" mövzularından biri əlillər, veteranlar və təqaüdçülərin yaşamını mümkün qədər bədbin, depressiv çalarlarda göstərmək, bununla da "Azərbaycanda yaşamın dözülməzliyi" görüntüsü yaratmaqdır.

Fəqət ödənişləri qanunsuz olan, bu məbləğlərdən bir qəpik də vergi ödəməyən şəxslərin başqalarının maaş və ya təqaüdlərinin azlığından bəhs etmələri nə qədər ədalətli, vicdanlı və obyektivdir?!

Büdcədən külli miqdarda maliyyə vəsaitini yayındıranlar hansı hüquqla - söhbət fərz edək ki, sırf mənəvi imperativlərdən gedir - maliyyədən danışa bilərlər - bu sualın cavabını da elə "Azadlıq" radiosunun Bakı ofisini maliyyələşdirənlərin və bu maliyyədən bəhrələnənlərin öhdəsinə buraxırıq.

"Azadlıq"la bağlı yeni çıxışlar, daha doğrusu, Azərbaycanın ünvanına yeni sərsəm ittihamlar hazırladığını bu günlərdə dolayısıyla etiraf edən Riçard Kozlariç isə kəşfiyyatla vicdanı qarışdırmasa, daha yaxşı olardı.



Çünki onun kəşfiyyatçılıq, daha doğrusu, casusluq fəaliyyəti ilə məşğul olduğu artıq bəllidirsə, deməli, cənab Kozlariç nəinki ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqla məşğul olan diletant, bacarıqsız diplomat və başabəla siyasətçidir - o, həm də maliyyə fırıldaqlarını ört-basdır etməyi bacarmayan "loser"dir.

"Azadlıq" radiosunun Azərbaycan xidmətinin Praqadan tənzimlənən fəaliyyətinin maliyyə təfərrüatları, Azərbaycandakı "könüllülər"ə pulların ödəniş yollarının və məbləğlərinin araşdırılması da artıq bir zərurətdir.(Milli.Az)

AzVision.az





Teqlər:





Xəbər lenti