Milli Şura bu gün ikinci vahid namizədini seçəcək

Milli Şura bu gün ikinci vahid namizədini seçəcək
  12 Avqust 2013    Oxunub:1229
“Milli Şuranın bu gün keçirləcək sessiyasında Rüstəm İbrahimbəyovun təklifi müzakirə olunacaq”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun onlara ünvanladığı müraciətdən danışarkən deyib. O vurğulayıb ki, bu məsələ təqribən bir il əvvəl Müsavat Partiyası tərəfindən isrəli sürülmüşdü: “Yenidən həmin məsələyə qayıtmaq məsləhət görülüb. Bu gün bu, müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək”.

G.Aslanlı vurğulayıb ki, Rüstəm İbrahimbəyovun təklifi Milli Şuranın vahid namizədi ilə deyil, Milli Şuraya daxil olan partiya sədrlərinin namizədliyinin irəli sürülməsi ilə bağlıdır: “Seçkiyə 10 gün qalmış Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmazsa, onda seçkilərdə iştirak üçün namizədliyi irəli sürülmüş şəxslər arasından əsas namizədin müəyyənləşdirilməsi nəzərdə tutulur. Ola bilsin ki, Milli Şuranın başqa bir vahid namizəd seçməyi müzakirəyə çıxarılsın. Buna baxmayaraq bu məsələ gündəliyə daxil olmaya da bilər, sadəcə olaraq təklif olunacaq”.

Kimlərin namizəd ola biləcəyinə gəlincə isə G.Aslanlı deyib ki, bunlar mətbuatda tez-tez adı çəkilən Mehman Əliyev, Rafiq Əliyev və Cəmil Həsənlidir. Amma bunlar yalnız ehtimaldır.

AXCP sədri Əli Kərimli isə bu gün Facebook hesabında Milli Şuranın növbəti sessiyasına olan təkliflərini açıqlayıb. Kərimlinin ilk təklifi Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova sona qədər dəstək verilməsi, seçkiyə hazırlıq işlərinin hər gün davam etdirilməsi ilə bağlı olub.

AXCP sədrinin ikinci təklifi isə olduqca maraqlıdır. İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı probleminin həllinin gecikməsi ehtimalını və onun özünün Milli Şuraya məktub göndərib, digər iddialıların da prezidentliyə namizəd olmalarına etiraz etmədiyini nəzərə alan Əli Kərimli, Milli Şuranın daha bir vahid namizəd müəyyənləşdirməli olduğunu deyib.

Sonda partiya sədri yenidən vahid namizədi müəyyənləşdirmək üçün hamının güzəştlərə hazır olmalı olduğunu vurğulayıb.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti