Nəvaz Şərifin Bakı səfəri göstərdi ki... - ŞƏRH

Nəvaz Şərifin Bakı səfəri göstərdi ki... - ŞƏRH
  15 Oktyabr 2016    Oxunub:9027
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfəri mühüm məqamlarla yadda qalıb. Pakistanlı baş nazir ölkəmizdə əhəmiyyətli görüşlər keçirib. Nəvaz Şərifin prezident İlham Əlyevlə keçirdiyi təkbətək və geniştərkibli görüşlərdə ölkələrimiz arasındakı münasibətlər, hərbi əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Prezidenti İlham Əliyev bundan öncəki çıxışlarında olduğu kimi Pakistanın Azərbaycana ən yaxın dost və müttəfiq ölkə olduğunu Nəvaz Şərifin diqqətinə çatdırıb: “Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir. Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq”.

Ölkə başçısı görüşlərin detalları haqda çıxışında Azərbaycanın Pakistandan yeni silahlar almaq niyyətində olduğunu bildirib: “Danışıqlarımızın əsas hissəsini hərbi sahədə əməkdaşlıq məsələsi təşkil edib. Bizim hərbi sahədə çox yaxşı əməkdaşlığımız var. Pakistan hərbi sənaye baxımından olduqca inkişaf etmiş ölkədir. Azərbaycan son 10 ildə hərbi sənayeni inkişaf etdirir. Biz əlaqələr quraraq birgə silah istehsal edə bilərik. Biz, həmçinin ən son və yüksək texnoloji xüsusiyyətlərə malik silahları almaq niyyətindəyik və bu sahədə Azərbaycan və Pakistan arasında qarşılıqlı anlaşma var”.



Azərbaycanda diqqətəlayiq sabitliyin, ictimai həmrəyliyin və inkişafın olduğunu deyən Nəvaz Şərif prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişafın ölkəsində diqqətlə izlənildiyini vurğulayıb.

Baş nazir Dağlıq Qarabağ probleminə diqqət çəkərək Bakıdan ermənilərə mesaj göndərib. Bildirib ki, erməni işğalçıları tezliklə Qarabağdan çıxarılmalıdır: “Kəşmir və Dağlıq Qarabağ məsələsində qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin üst-üstə düşdüyünü sübut edir. Pakistan işğal olunan Azərbaycan torpaqlarının tam azad olunması, oradan erməni silahlı qüvvələrinin çıxarılması və qaçqınların doğma torpaqlarına qaytarılmasının tərəfdarıdır”.



Pakistan baş nazirinin Azərbaycana səfərini şərh edən millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, müstəqillik əldə etdiyimiz dövrdən başlayaraq Azərbaycan və Pakistan arasında çox möhkəm dostluq, qardaşlıq münasibətləri mövcuddur: “Bunun ən bariz nümunəsi Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın mövqeyini prinsipial şəkildə müdafiə etməsi, Ermənistana təpki göstərməsi, indiyə qədər bu ölkə ilə diplomatik münasibətlər qurmamasıdır. Münasibətlərimiz siyasi, iqtisadi, hərbi, diplomatik əlaqələri tam əhatə edir. Ölkələrimiz arasında dostluq əlaqələri tək hakimiyyət orqanlarında deyil, cəmiyyətin bütün təbəqələrində yüksək səviyyədə qəbul edilir. Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri bu dostluğun yeni bir nümunəsi oldu. Tərəflər arasında əməkdaşlığın möhkəmlənməsi, beynəlxalq aləmdə bir çox məsələlərdə birgə əməkdaşlıq, həmçinin əməkdaşlığın yeni formalarının axtarılması müzakirələrin əsas mövzusu oldu. Azərbaycan prezidenti mətbuat qarşısındakı çıxışı zamanı Pakistanla dostluğa yüksək qiymət verdi və bundan sonra bu dostluğun artan xətlə inkişaf edəcəyini vurğuladı”.

A.Mirzəzadə qeyd edib ki, ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın sahələrindən biri də hərbi-texniki sahədir: “Azərbaycanda müdafiə sənayesinin 10 ildən çox tarixi var. Burada dost ölkələrin köməyindən maksimum istifadə edirik. Pakistanın hərbi-sənaye kompleksinin imkanlarından yeni müəssisələrin yaradılması, silah istehsalı, dünya bazarına birgə çıxış məsələləri vacib idi ki, bu da səfər zamanı müzakirə olunub. Hesab edirəm ki, bu gün hər iki ölkənin bir-birindən öyrənəcəyi, dəstək verəcəyi, həmçinin bölüşəcəyi kifayət qədər məsələlər var. Ümumən, bu dostluq digər ölkələr üçün yaxşı nümunədir və bundan sonra da əməkdaşlıq davam edəcək”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, Pakistanın Dağlıq Qarabağ münaqişəsinə görə, Ermənistanla diplomatik əlaqələr qurmaması Azərbaycan üçün müsbət siyasi amildir: “Bu hal bizim maraqlarımıza cavab verir. Eyni zamanda Azərbaycanın Pakistanla müxtəlif sahələrdə uzunmüddətli və çoxşaxəli əməkdaşlığımız var. Sevindirici haldır ki, bu əməkdaşlıq uzun illərdir inkişaf edir”.

F.Sadıqovun fikrincə, Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələr çox yüksək səviyyədədir: “Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri zamanı yeni texnologiya silahını əldə etməklə bağlı razılığa gəlmişik, saziş imzalamışıq. Pakistan bu mənada çox etibarlı müttəfiqdir. Eyni zamanda Pakistan müxtəlif beynəlxalq meydanlarda, o cümlədən İslam Konfransı Təşkilatının forumlarında Azərbaycanı dəfələrlə dəstəkləyib. Bu elə-belə, ritorik dəstək deyil. Pakistanın təşəbbüsü ilə Azərbaycanın maraqlarını təmin edən bir sıra qətnamələr qəbul edilib, erməni işğalı pislənilib. Ermənistana konkret mesajlar göndərilib. Münasibətlərimizin kompleks şəkildə inkişafı həm Azərbaycanın, həm də Pakistanın maraqlarına cavab verir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti