İlham Əliyev Putini evinə qonaq apardı

İlham Əliyev Putini evinə qonaq apardı
  14 Avqust 2013    Oxunub:1030
Prezidentlərin görüşünün qeyri-rəsmi hissəsi kifayət qədər isti keçib, onlar bir maşında “Dağıstan” gəmisinə baxmağa gediblər
Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün qeyri-formal hissəsi başlayıb. Putini müşaiyət edən nümayəndə heyətinin tərkibində yer alan və Kremldə akreditə olunmuş rusiyalı jurnalistlərin yaydığı xəbərə görə prezidentlər rəsmi danışıqları başa vurduqdan sonra axşam saatlarında Bakı hərbi-dəniz limanına yan alan Rusiya raket gəmisi “Dağıstan”a baxmağa gediblər.

“Dağıstan” gəmisi Rusiyanın Xəzər donanmasının gəmilərinin müşaiyəti ilə Putindən bir gün əvvəl Bakıya dost səfərinə gəlib. Xəbərə görə prezidentlər hərbi-dəniz limanına bir avtomobildə gəliblər, onlar Rusiyanın Xəzər donanmasının komandanının və Azərbaycan hərbi-dəniz qüvvələrinin komandanının raportlarını dinləyiblər. Daha sonra prezidentlər gəminin göyərtəsinə qalxıblar. Gəminin komandiri prezidentlərə “Dağıstan”ın hərb-texniki göstəriciləri barədə məlumat verib. Sonra prezidentlər limanda lövbər salmış Azərbaycan hərbi gəmisinin göyərtəsinə qalxıblar.

Limandan sonra prezidentlər Bakıda gəzintiyə çıxıblar, Dağüstü parkı gəziblər. Sonra İçərişəhərə yollanıblar və piyada, habelə elektromobildə gəziblər. Rusiya prezidentinin şərəfinə təşkil olunmuş ziyafət keçirilib. Ziyafətdən sonra Azərbaycan prezidenti Putini evinə qonaq dəvət edib. İlham Əliyevin evində iki ölkə prezidentləri arasında çay süfrəsi arxasında qeyri-formal şəraitdə söhbət davam edib.

“İkitərəfli münasibətlərin aktual məsələləri” barədə müzakirələrin aparıldığı bildirilir. Qeyd edək ki, adətən dövlətlər və prezidentlər arasında ən mühüm məsələlər üzrə razılaşmalar bu cür qeyri-formal şəraitdə aparılan danışıqlarda əldə edilir.


Teqlər:  





Xəbər lenti