`Park Cinema` 7-ci Avropa Film Festivalını açıq elan edir - Afişa

`Park Cinema` 7-ci Avropa Film Festivalını açıq elan edir - Afişa
  24 Oktyabr 2016    Oxunub:2954
Bakıda noyabrın 3-də start götürəcək VII Avropa kino festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq və bu o deməkdir ki, ötən ilki ilə müqayisədə iştirakçıların sırasına daha 3 ölkə qoşulub.
AzVision.az xəbər verir ki, bu barədə “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev məlumat verib.

“İldən-ilə daha böyük maraq göstərilən Avropa film festivalı bu il özünün apogeyinə çatıb. Cari ildə festivala ilk dəfə qatılan ölkələr olacaq, eyni zamanda festivalın keçrildiyi müddət də 10 günədək artıb”, - deyə Namiq Quliyev bildirib və əlavə edib ki, milli kino industriyasının əsas hadisələrindən biri olan festivala hazırlıq işləri yekunlaşmaq üzrədir.
Namiq Quliyev festivalda maksimal sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib. “Festival haqda informasiya “Park Cinema”nın bütün meydançalarında monitorlarda nümayiş olunur, üzərində reklam daşıyıcıları olan fasad banneri yerləşdirilib. Bundan əlavə, Festival haqda informasiya seanslardan əvvəl nümayiş etdirilir”, - deyə Namiq Quliyev söyləyib və Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirliklərinin və mədəniyyət mərkəzlərinin festivalın təbliğini apardıqlarını vurğulayıb.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru festivalın ilkin proqramının artıq hazır olduğunu da diqqətə çatdırıb. “Park Cinema” kinoteatrlar şəbəkəsinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə səyi sayəsində qısa müddət ərzində festivalın proqramını tərtib etmək mümkün olub. Bu proqramın ilkin versiyası olsa da onun yekun versiyası çox da fərqlənməyəcək”, - deyə Namiq Quliyev bildirib.

O festivalı Yunanıstan və İspaniyanın açacağını bildirib. Yunanıstan festivalda rejissor Pantelis Vulqarisin Yunanıstan kino akademiyasının altı mükafatına layiq görülmüş “Kiçik İngiltərə” dramı təmsil edəcək. Rejissor David Truebenin komediya-dram janrında çəkdiyi və festivalın ilk günündə təqdim olunacaq İspaniya istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır” filmi də bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı Qoyya mükafatı qazanıb. “Festivalda müxtəlif janrlarda – komediya, dram, triller janrlarında çəkilmiş 19 bədii və sənədli film təqdim olunacaq. Filmlərin arasında əvvəllər müxtəlif nüfuzlu kino mükafatlarına layiq görülmüş filmlər də var. Festivalın proqramına daxil edilmiş filmlərin Azərbaycan kino həvəskarlarının ürəyinə yol tapacağına və Avropa film festivalının öz inkişafında irəliyə doğru daha bir addım atacağına ümid edirik”, - deyə Namiq Quliyev qeyd edib və bu il festival filmlərinə tamaşa etməyə gələnlərin sayının maksimal həddə çatacağını gözlədiklərini vurğulayıb. “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Avropa film festivalında Azərbaycanın “Qırmız bağ” dramı ilə iştirak edəcəyini də diqqətə çatdırıb.

O Avropa film festivalının azərbaycanlı və avropalı kino xadimlərinin təcrübə mübadiləsi aparmaları üçün əlverişli platforma olduğunu söyləyib. “Festivalın işində iştirak etmək üçün Bakıya Avropanın bir sıra populyar aktyor və rejissorları gələcək. Onların arasında “Kiçik İngiltərə” filmində çəkilmiş Yunanıstanlı aktyor Vasilios Vassilakis, “Milli qəhrəman” filminin rejissoru, Xorvatiya təmsilçisi Vitez İvan, Fransanın təqdim etdiyi “Terra” sənədli filminin rejissorlarından biri Mişel Pitio Pyerr, nəfəsləri kəsən “Ştrayf – Cəhənnəmə Səyahət” sənədli filmi üzərində çalışmış avstriyalı filmmeyker və prodüser, eləcə də xizəklə sürətli enmə yarışları üzrə menecer Herald Salmina və başqaları iştirak edəcəklər”, - deyə “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib.
Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı vardır. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan Park Bulvar, Metropark və açıq səma altında fəaliyyət göstərən Amburan yay kinoteatrı, 2015-ci ildə açılmış 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır.

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti